Deputatdan ÇAĞIRIŞ:“Gəlin, məhdudiyyətlərə riayət edək !

“Etiraf etməliyik ki, virus təhlükəlidir, ancaq özümüzdə də günah var”

“Qoruyucu maskalardan yetərincə istifadə etmirik, karantin rejiminin tələblərinə lazımi səviyyədə məhəl qoymuruq



"Üç aya yaxındır ki, dövlətimiz görünməyən düşmənlə - yeni növ koronavirus pandemiyası ilə mübarizə aparır".

"Sherg.az"ın xəbərinə görə, bunu sosial şəbəkə statusunda millət vəkili Elnur Allahverdiyev yazıb.

Deputat bildirib ki, başda cənab Prezident İlham Əliyev olmaqla hökumət bu bəlanın xalqımızdan yan keçməsi üçün maksimum səylər göstərir:

"Bu mübarizədə xalq, cəmiyyət və dövlət olaraq böyük uğurlara imza atmışıq. Vaxtında görülmüş tədbirlər və elan olunmuş karantin rejimi hesabına pandemiyanın fəsadları dünyanın digər dövlətlərindəkitək miqyaslı deyil, itkilərimiz isə minimum səviyyədədir. Pandemiya iqtisadiyyata və vətəndaşların rifah halına böyük zərbədir. Dövlətimiz bu itkilərin aradan qaldırılması istiqamətində tədbirlər görür. Bununla belə,  cəmiyyət və dövlətin ayaqda dayanması üçün iqtisadiyyat fəaliyyət göstərməlidir. Bunun üçünsə müvafiq şərait olmalıdır".

Millət vəkili təəssüflə qeyd edib ki, karantin rejiminin yumşaldılması gözləmədiyimiz nəticələr hasil edib:

"Covid-19 virusuna qalib gəlirik deyə ümid edərkən pandemiyanın qurbanlarının və ona yoluxanların sayında artım müşahidə olunur. Etiraf etməliyik ki, virus təhlükəlidir, ancaq özümüzdə də günah var. Qoruyucu maskalardan yetərincə istifadə etmirik, karantin rejiminin tələblərinə lazımi səviyyədə məhəl qoymuruq. Vaxtından əvvəl arxayınlaşmışıq. Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu günlərini evlərimizdə keçirməli, şəhər və küçəyə çıxmamalı və bununla da virusun yayılmaması üçün öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Ailələrimiz və övladlarımız, valideyinlərimiz və yaxınlarımız, cəmiyyətimiz və dövlətimiz naminə. Sizin Milli Məclisdəki təmsilçiniz olaraq mən də öz növbəmdə xahiş və çağırış edirəm:  - gəlin dövlətin tətbiq etdiyi və bizim sağlamlığımız üçün edilən məhdudiyyətlərə riayət edək. Biz birlikdə güclüyük!".