Sosial şəbəkələrdə təhlükəli çağırış... ! - “Əhalini virusa inanmamağa səsləyirlər"

“Bu çağırışları pisləyirəm və bir daha üzümü xalqıma tutub deyirəm ki, virus var, realdır”

“Təxribatçı insanlara inanmayaq, qaydalara əməl edək”


“Azərbaycan hökuməti mövcud vəziyyətdən çıxmaq üçün əlindən gələni edir. Virusun dünyada yayılmasından etibarən cənab Prezidentin göstərişi ilə çox çevik addımlar atıldı”. 
Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai” birliyinin sədri Anar Xəlilov deyib.
Birlik rəhbəri qeyd edib ki, burada əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etmək idi: 

“İlkin dövrlərdə tətbiq edilən karantin qaydaları və verilən qərarlar nəticəsində virusa yoluxma cox aşağı səviyyədə oldu. Bu amil hökumətimizə yeni addımlar atmaq üçün əsaslar verdi. Uzun zaman insanları ev şəraitində saxlamaq, iqtisadiyyatı tam durdurmaq daha ağır nəticələr verə bilərdi. Məhz bu səbəbdən və yoluxmanın aşağı tempdə getməsini nəzərə alan Operativ Qərargah karantin qaydalarını tədricən yumşaltmağa qərar verdi. Bu da əhalinin razılığı ilə qarşılandı. Lakin virusdan birdəfəlik yaxa qurtarmaq üçün vətəndaşlara qaydalara əməl etmək tapşırığı verildi. Çox sadə qaydalara əsasən vətəndaş gigiyenik qaydalara əməl etməli, sosial məsafə saxlamalı, ictimai nəqliyyatda, idarə və müəssilərdə, qapalı alış veriş məkanlarında, tibbi maskadan istifadə etməlidir. Lakin çox təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bu qaydalara riayət etmək istəmədilər və məsuliyyətsiz addımlar atdılar. Nəticədə virusa yoluxma sayı üç rəqəmli ədədlə ölçüldü, ölüm halı bir qədər artdı. Aparılan təbliğatlara və maarifləndirmə tədbirlərinə baxmayaraq məsuliyyətsiz bir qrup insanlarımız bu qaydalara əməl etmir. Artıq bu qaydalara əməl etməməyə görə cərimələr və inzibati cəza tədbirləri nəzərdə tutulur. Buna baxmayaraq, məsuliyyətsiz vətəndaşlarımız müşahidələrimə görə yenə də mövcuddur”.



Anar Xəlilov bildirib ki, yoluxmanın yenidən artması dövləti karantin qaydalarını yenidən sərtləşdirməyə məcbur edir: 

“Məhz bu səbəbdən həftənin son iki istirahət günü sərt karantin rejimi tətbiq edildi. Ümumən götürsək, böyük əksəriyyət bu qaydaya riayət etdi, nümunəvi vətəndaş olduğunu göstərdi. Az sayda məsuliyyətsiz vətəndaşımız qaydalara hörmətsizlik etdi. Təbii ki, belə olan halda karantin dövrünün bütün əziyyətlərini üzərində daşıyan polis əməkdaşları qanunauyğun addımlar atdılar. Burada polisə qarşı çox tərbiyəsiz hərəkətlərin şahidi olduq. Polisin atdığı qanuni addımları birmənalı dəstəkləyirəm. Başda cənab Prezidentimiz olmaqla dövlətimiz pandemiyanın qarşısının alınması və yoluxan vətəndaşlarımızın sağalması istiqamətində böyük mənada dünyaya nümunə olacaq addımlar atır. ÜST tərəfindən dəfələrlə verilən bəyanatlarda bu təşəbbüs öz əksini tapıb. Tez bir zamanda maska istehsalının Azərbaycanda təşkil olunması, yeni laboratoriyaların, xüsusi geyimlərin, tibbi avadanlıqların alınması, koronavirus xəstələri üçün 20 xəstəxananın ayrılması, , çoxlu sayda testlərin gətirilməsi böyük xidmətlərdir. Bundan əlavə nəzərdə tutulan10  yeni modul tipli xəstəxanaların dünya standartalarına cavab verən yüksək səviyyədə artıq 4-ü hazırdır. Digərləri də yaxın zamanda hazır olacaq. Səhiyyə sahəsində 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi yenidən tikilib və ya əsalı təmir olunub, müasir tipli avadanlıqlar alınıb, xaricdə dövlət hesabına gənclərimiz tibbi təhsil alıb”. 

QHT rəhbəri bəyan edib ki, bu istiqamətdə görülən işlər göstərir ki, pandemiyadan az itki ilə çıxacağıq: 

“Pandemiyanın qarşısının alınması istiqamətində atılan bütün addımlara hər bir vətəndaş indiki dövrdə dəstək olmalıdır. Bu da bir müharibədir. Müharibə qanunlarına görə, məsuliyyətsizlik və tabe olmamaq xəyanətdir. Hesab edirəm ki, bu hallar baş verərsə, qanunla cəza verilməlidir. Azərbaycan xalqı öz prezidentinə inanır, böyük əksəriyyət onun apardığı siyasəti qəbul edir. Az sayda qruplar var ki, bu gün bütün görülən işlərə qara yaxmaqla vətəndaşlarımızı çaşdırmağa çalışırlar. Sosial şəbəkələrdə əhalini virusa inanmamağa çağırışlar var. Mən bu çağırışları pisləyirəm və bir daha üzümü xalqıma tutub deyirəm ki, virus var, realdır. Təxribatçı insanlara inanmayaq, qaydalara əməl edək. Sosial məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək, tibbi maska taxmaq vacibdir və ilk növbədə insanların öz təhlükəsizliyi üçündür”.