Prezidentə təşəkkür: "Şəhid ailələrinə qayğı və diqqətinizi çox yüksək qiymətləndiririk"

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Yardımlı rayonu Telavar kənd sakini, Milli Qəhrəman Bəhruz Mansurovun anası  Şəfiqə Almasova Prezidentə məktubunda yazır: 


"Möhtərəm cənab Prezident, Siz öz şərəfli fəaliyyətiniz, xalqımızın yolunda göstərdiyiniz misilsiz fədakarlığınızla artıq çoxdan sübut etmisiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Şəhid ailələrinə qayğı və diqqətinizi biz, şəhid ailələri çox yüksək qiymətləndiririk. Mən Milli Qəhrəman anası kimi fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Sizin tapşırığınızla mənim ailəmə hər cür qayğı göstərilir. Öz canını Vətən yolunda qurban vermiş şəhid ailələri adından Sizə cansağlığı, uzun ömür, gərgin fəaliyyətinizdə yeni böyük uğurlar arzulayıram".