Prezidentə məktub: “Biz birlikdə güclüyük!” çağırışlarınız Sizə olan inamımızı daha da möhkəmləndirdi."

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər. Laçın rayonundan olan məcburi köçkünlər adından Gülxar Allahverdiyeva dövlət rəhbərinə məktubunda bildirir:

"Xalqımızın hörmətli və sevimli Prezidenti, Bəzən hər birimizin həyatında yaranmış böhrandan çıxmaq üçün kənar yardımlara ehtiyac duyduğumuz anlar olur. Elə bu son aylar ərzində, çətin tarixi zamanda nələr yaşadığımız məlum məsələdir. İnsanlara qənim kəsilən pandemiya şəraitində Sizin bütün zamanlar üçün öz dəyərini saxlayacaq yüksək insani münasibətiniz, COVID-19 infeksiyasına qarşı müvafiq tədbirləriniz və eləcə də “Evdə qal”, “Biz birlikdə güclüyük!” çağırışlarınız Sizə olan inamımızı daha da möhkəmləndirdi. Gördük və əmin olduq ki, dövlətimizin və dövlətimizin başçısının vətəndaşlara olan qayğısı, əhalinin sağlamlığı yolunda aparılan işlərə nəzarəti hər zaman yerindədir və tükənməzdir.

Hörmətli cənab Prezident, biz bu gün vətəndaş-dövlət münasibətlərində sıx birliyin şahidi oluruq. Dövlətimizin gücünü, nüfuzunu artırdığınıza, xalqımıza, eləcə də məcburi köçkünlərə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.Biz Sizinlə güclüyük".