“Həmrəy olmasaq, hər bir vətəndaşımız ağır fəsadlarla qarşılaşa bilər”

“Ziyalı və tanınmış simalar bu vəziyyətdə xalqı sakitləşdirməlidirlər. İctimai qınaq müntəzəm olmalıdır” 

ctimai qınaq yüksək səviyyədə olsa, cəmiyyətdə fərdi məsuliyyətsizlik bu qədər çox olmaz" 




“Ölkədə bütün sahələr, xüsusilə iqtisadiyyat ciddi zərər görür. Bunun qarşısı alınmalıdır. Bu gedişat heç də xoş nəticələnməyəcək”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Parlament üzvü vurğulayıb ki, əgər mövcud vəziyyətin müvəqqəti olduğunu düşünsək, qaydalara əməl edərək böhranlı vaxtı qısaltmış olarıq: 

“Əks halda karantin uzanır və dövlətə ziyan dəyir. Birlik olub, həmrəylik nümayiş etdirməsək, hər bir vətəndaşımız ağır fəsadlarla qarşılaşa bilər. Proses belə davam edərsə, ölkə iqtisadiyyatı iflic olar. Orta və kiçik biznes artıq zərərlə qarşı-qarşıyadır. Bu vəziyyət böyük biznes üçün də qaçılmaz sondur. Ölkə daxilində işgüzar münasibətlər pozula bilər.

Düzdür, sosial-iqtisadi həyatdakı geriləmənin dövlət dəstəyi ilə qarşısı alınır. Lakin yaranmış durğunluğu aradan qaldırmaq elə də asan olmayacaq. Pandemiya ümumi dünya üçün gözlənilməz idi və heç bir dövlət hazırlıqlı deyildi. Ani qərarlar, qarışıqlıq, əhalidə çaşqınlıq dövlətlərin işini daha da çətinləşdirdi. Əgər siyasi-fəlsəfi düşüncələr ortaq olmasa belə, indiki vəziyyətdə hər kəs, müxtəlif görüşlərə malik şəxslər belə həmrəylik nümayiş etdirməlidir. Nəzərə alaq ki, baş verənlərə insanların psixologiyası hazır deyildi və hər kəs çox həssasdır. Gələcək qayğısı, “bu nədir?”, “niyə bütün bunlar baş verir?” kimi suallar insanlarda çaşqınlıq yaradır. Ziyalı və tanınmış simalar bu vəziyyətdə xalqı sakitləşdirməlidirlər. İctimai qınaq müntəzəm olmalıdır”. 

Millət vəkili söyləyib ki, ictimai qınaq əsasən media və sosial şəbəkə üzərindən olmalıdır: 

“Əfsuslar olsun ki, sosial medianın böyük hissəsi nəinki insanlara birlik və həmrəylik çağırışı edir, əksinə daha çox çaşqınlıq yaradır. Sosial şəbəkələrdə hər kəs informasiya paylaşa bilir. Əgər əlimizdə şərait varkən niyə ondan yaxşı mənada istifadə etmirik? İctimai qınağın ən yaxşı yollarından biri media, kütləvi çap məhsulları, kütləvi yayım, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələridir. İnsanların həyat və sağlamlığı üçün təhlükə olan hərəkətləri tənqid etməliyik.

İctimai qınaq odur ki, bu adam bu hərəkəti yanlış edir və onun törətdiyi hərəkətin ictimai nəticəsi ağır sayılır, cəmiyyətə müəyyən mənəvi zərər vurur. Bu ictimai qınağın forması və özüdür. İctimai qınaq ictimai nəzarətin bir forması, güclü təsirə malik olan formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Bununla biz çox şeyə nail ola bilərik. Yəni, hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir, ona müəyyən dərəcədə düzəliş edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan çox önəmlidir”.

M.Cəfərovun sözlərinə görə, ictimai qınaq yüksək səviyyədə olsa, cəmiyyətdə fərdi məsuliyyətsizlik bu qədər çox olmaz: 

“İnsanlar qaydalara riayət etməyə diqqət edər. Bu gün ictimai qınağın əsas məkanı olan media problemi yaradan deyil, problemi həll edən qüvvə olmalıdır. İnanıram ki, xalqla həmrəyliyimiz güclü olacaq və biz bu çətin günlərin öhdəsindən dövlət-xalq olaraq birlikdə gələcəyik”.