Spiker seçiciləri ilə videokonfrans formatında qəbul keçirib - FOTO

Milli Məclisin Spikeri Sahibə Qafarova seçiciləri ilə videokonfrans formatında qəbul keçirib.
Milli Məclisdən "Sherg.az"a verilən məlumata görə, videoqəbulda millət vəkili seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib.
Spiker seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlayıb. 
Həmçinin ötən videoqəbullarda qaldırılan bir sıra məsələlər artıq öz həllini tapıb.
Sahibə Qafarova qeyd edib ki, seçiciləri narahat edən məsələlərin həlli, vətəndaşların həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir.



Parlament sədri bildirib ki, son illərdə ölkəmizdə əhalinin  fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması, müasir təhsil, səhiyyə, mədəniyyət infrastrukturunun yaradılması, su və kanalizasiya xətlərinin yenilənməsi və bu qəbildən olan digər tədbirlər regionların inkişafında prioritet təşkil edib. O cümlədən, Şəmkir rayonunda da bu istiqamətdə davamlı olaraq genişmiqyaslı işlər görülüb. 

S.Qafarova ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verib.
Spiker bildirib ki, ölkəmizdə bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib. O, bütün vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və tövsiyyələrə əməl etmələrinin vacibliyini vurğulayaraq deyib ki, hər kəs zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməli, sosial məsafəyə riayət etməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir.