Günlərlə evinə gedə bilmir


Adil həkimin fəaliyyətində vaxt anlayışı yoxdur

İnsanın hələ uşaq ikən - ən azı orta məktəbin yuxarı siniflərindən başlayaraq, bir peşə seçiminə, hansısa bir ixtisasa sevgi hissləri yaranır. Bu hissləri yaradan, hələ uşaq ikən bu hissləri insanda oyadan, formalaşdıran, arzuya çevirən real səbəblər olur: bu səbəblər kiməsə ailədən, məktəb müəllimlərindən gəlir, kiməsə yavaş-yavaş tanıdığı, bəzən yanında olduğu peşə, sənət sahibinin uğurlarından, el içində olan hörmətindən gəlir, kiməsə hələ uşaq ikən oxuduğu, baxdığı filmlərin uşaq yaddaşına işıq saçan obrazlarından doğur. Adil özünün uşaqlıq illərində, məktəb çağlarında bunların hamısına rast gəlmişdi. Bu səbəblərin hər birindən yapışıb özünə peşə, ixtisas seçə bilərdi. Amma elə bil, tale onun seçiminə öz evlərində, öz doğmalarında tapmaq qismətini ömrünün başlanğıcındaca imkan yaratmışdı.

Adil dünyanı az-çox anlamağa başlayanda anası Zəhra həkimin əvvəlcə qohum-qonşu yanında, bir azdan onu tanıyan hər kəsin yanında və lap bir azdan bütün Ağdamda necə böyük hörmətə malik olduğunu görmüşdü. Həyatı bir anda anlayandan sonra hiss etmişdi ki, anası insanlara çox gərəkli olan bir peşənin sahibidir. Hələ uşaq ikən hərdənbir anası ilə birgə onun iş yerinə - Ağdam şəhər xəstəxanasına hər gəlişində iş yoldaşlarının, xəstələrin ona necə sevgi və hörmətlə yanaşdığından qürur duyurdu. Ürəyində beləcə bir həkim olmaq, beləcə insanlara xidmət etmək, beləcə gərəkli olmaq hissi yaranırdı. Anası Zəhra həkimin bəzən gecəsi, gündüzü olmurdu. İş yerində bir başqa, onu axşamlar, hətta gecə vaxtı belə evində də rahat buraxmırdılar. Onların Ağdam şəhərinə bitişik qədim Seyidli kəndində yerləşən balaca həyətlərinin dəmir darvazası ağzında axşamlar bir neçə “Jiquli”, köhnə “Moskviç” avtomobilləri dayanırdı. Və o avtomobillərdə gətirilən xəstələr Zəhra həkimin şəfası ilə sağalırdılar.

  ...Və orta məktəbin 9-cu sinfinin yay tətilində Adil öz seçimində gəldiyi qəti qərarı anasına açdı:

- Tibb İnstitutuna hazırlaşacam,- dedi. Onun girişsiz-filansız dediyi bu fikir anasına qəribə gəldi. Çünki Adil, texnika sahəsində çalışan, hətta xeyli vaxtdan bəri Mexanikləşdirmə Texnikumunda müəllim işləyən atasının peşəsinə çox vurğun idi; tez-tez atasının özünə məxsus və dostlarının avtomobillərini təmir etməsi Adilin heyrətinə səbəb olurdu: dost-tanışın yolda xarab olmuş maşınlarını sürüyə-sürüyə atası Ərşadın yanına gətirməklərini və bir-iki saatdan sonra həmin avtomobilin qıs-qıvraq həyətdən çıxıb sürətlə yola düzəlməyini görəndə atasının yerinə Adil qürurlanırdı. Hərdən atasının “ Jiquli”sini qaçırıb Şah bulağa, Qarağacıya, Sarıcalı kəndinə tərəf sürür və Ərşad kişinin buna görə danlağından da ləzzət alırdı.
Amma günlərin bir günü, Adil 19 yaşında olanda, onun çox sevdiyi atasının yolda ağır qəzada əzilmiş o maşınını, böyük qardaşının cəsədini və atasının komaya düşmüş bədənini evinə gətirdilər. O ağır hadisə bəlkə bu gün də agdamlıların yaxşı yadındadır. O gün Adilin və o ailənin ən ağır günü oldu. Adilin texnikaya və avtomobilə sevgisinin o gün sonu oldu...

Və Zəhra xanım bütün bunları yada salıb handan-hana dilləndi:

 - Bəs axı atan elə bilirdi sən mexanik olacaqsan, Politexnikə gedəcəksən?

Adil atasının avtomobil qəzasından sonra fikrini dəyişdiyini anasına demədi, heç onu xatırlamaq da istəmədi. Bayaqkı qətiyyətinin üstündə dayandı:
-Yox ana!- dedi- o gün Qəzənfər müəllim də mənə həkim olmağı məsləhət gördü. “Get ananın peşəsinə sahib ol!”-  dedi. Zəhra həkim rayonumuzun ən fədakar, ən savadlı, ən bacarıqlı, ən insansevər həkimidir. Sən ancaq ona oxşamalısan” - dedi. Mən də ona söz verdim.
Söhbət buradaca bitdi. Zəhra xanım oğlunun qətiyyətindən arxayın olub ürəyində ona xeyir-dua verdi.

  Ay keçdi, il keçdi, Adil orta məktəbi bitirib Azərbaycan Tibb İnstitutuna qəbula getdi. 

  1985-ci ilin isti bir avqust günündə divara vurulmuş qəbul siyahısında öz adını lap əvvəldə görüb anasına xəbər vermək üçün şəhər telefon şəbəkəsinə yüyürdü. Adil Nuriyevin həkim olmaq arzusunun birinci mərhələsi belə başa çatdı. Sonra tələbəlik illəri gəldi. Altı illik tələbəlik illərində Adil beşdən başqa qiymət tanımadı. Müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirib orduya yollandı. İki illik ordu həyatı və burda göstərdiyi həkimlik fəaliyyəti Adilin bir peşəkar kimi yetişməsinin təməlini qoydu.

Xidmət etdiyi sahədə hamı ona “Doktor Adil” deyə müraciət edirdi. Bu, Adilin həkim olmaq arzusunu gerçəkləşdirəcək ikinci mərhələ oldu. Hələ ordudan qayıtmamış bitirdiyi institutun Daxili xəstəliklər kafedrasından təklif almışdı. Qayıdan kimi həmin kafedranın aspirantı olmalı idi. Çox keçmədi ki, həmin kafedrada namizədlik dissertasiyası müdafiə etdi. Əvvəlcə assistent kimi, sonra dosent vəzifəsində çalışmağa başladı. İndi “Doktor Adil” epitetinə “müəllim” kimi şərəfli bir söz də qoşuldu. 

  Adil Nuriyevin həkimlik peşəsinə və bu peşənin elmi-tədqiqat istiqamətinə marağı və uğurları onu tanıyan institut rəhbərliyinin diqqətindən yayınmadı. Bir zamanlar onun institut kimi qəbul olunduğu ali təhsil ocağı indi Azərbaycan Tibb Universiteti adlanır.

Burda elmin və tədrisin vahid sistemi yaranmışdı. Universitetin ən ciddi uğurlarından biri kimi tibb sahəsində özünü göstərən, elmi-nəzəri yeniliklərin praktikaya tətbiq olunmasını gerçəkləşdirən - burada yaradılan Tədris Terapevtik Klinika oldu. Azərbaycanın səhiyyə məkanında sayılıb-seçilən bu klinikada Adil həkim əvvəlcə direktorun müalicə işləri üzrə müavini, sonra tədris və elmi işlər üzrə müavini  vəzifəsinə təyin olundu.

  Hər şey öz məcrasında və öz ahəngində davam edirdi. Və birdən dünyanın sakitliyi, dünyanın ahəngi pozuldu. Çini bürümüş koronavirus sürətlə dünyanı zəbt etdi. Azərbaycan bu virusa qarşı bəlkə də bütün ölkələrdən əvvəl primitiv tədbirlərə başladı. Ölkə Prezidenti dövlətin, səhiyyənin bütün qüvvələrini səfərbərliyə aldı. Çox uğurlar oldu, amma bu amansız virus bizdə də özünü göstərdi. Azərbaycan Tibb Universiteti və onu Tədris Terapevtik Klinikası mübarizənin ön cəbhəsinə çıxdı. Bu andan “Həkim” sözü daha müqəddəs bir anlayışa çevrildi. Azərbaycanın prezidenti ölkənin həkim ordusunun öz peşəsindən doğan Vətən sevgisini, “Öncə Vətən”, “Öncə insanlarımız” kimi peşə şüarlarını, öz həyatlarını riskə atan bu peşə sahiblərinin fədakarlığını dərhal qiymətləndirdi. Onların əmək haqlarının 3-5 dəfə artırılması barədə göstərişlər verdi.

  Həkimlərimizin gecəsi-gündüzü yoxdur. Adil həkim də bu sıradadır. Universitetin Tədris Terapevtik Klinikasına gətirilən ilk koronavirus xəstələrinin yatdığı şöbədə elə həmin gecədən növbəyə başlayıb. Elə o andan tibb elmi sahəsində apardığı tədqiqatlar da onun köməyinə gəlib: Adil həkim dünyanı bürüyən bu xəstəliyin konkret dərmanı olmadığını teleproqramlardan, mediadan deyil, özünün elmi informasiyasından yaxşı bilirdi. Növbəyə başlayanda dünyada və eləcə də özəl telekanalların bu xəstəliyə görə yaydıqları panika barədə düşündü. Xəstəxanaya yerləşdirilən xəstələrin çoxunda bu panikadan doğan bir ümidsizlik, açıq hiss edilən bir qorxu var idi. Adil həkim bu xəstəliyin təsirini azalda biləcək müxtəlif preparatlarla onlara fərdi yanaşır, hər birinin indiyədək hansı xəstəliklər keçirdiyini soruşur, bütün cavablara elmi-praktik yanaşmadan sonra qərara gəldiyi dərmanlarla müalicə edirdi. Amma Adil həkimlə söhbətimiz zamanı bizə bildirdi ki, bu xəstələrə ilk növbədə koronavirusun dəhşətli bir xəstəlik törətdiyinin elmi əsasları olmadığını başa salmaq lazımdır. Deyir, mən ilk xəstələrə də, bugünkülərə də başa salıram ki, koronavirus mətbuatın dediyi qədər yalnız ölümlə nəticələnən bir şey deyil. Ona yoluxmağın qarşısını almaq və müalicəsinə nail olmaq xəstənin özündən daha çox asılıdır. Mənim onlarla səmimi söhbətlərim onlarda özünə inam yaradır və mən müalicələrimi uğurla aparıram.

  Adil həkim belə xəstələrlə iş rejiminin bir sıra fərqli məqamlarını qeyd edir:

-Xəstənin suallarına heç vaxt etinasız yanaşmaq olmaz. Onun sağalması müalicəyə, həkimə inamından da çox asılıdır. Mən bu prinsipləri, problemin psixoloji tərəflərini həmişə nəzərə alıram. 

İmkan yaranan kimi, Adil həkim Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində yaradılmış qərargahın informasiyalarını onun saytından nəzərdən keçirir və burada gündəlik qəbul olunan qaydalara, qərarlara əməl etməyi təkcə Universitetin klinikasındakı xəstələrə deyil, ətrafındakı hər kəsə tövsiyə edir. O xəstələrdən sağalıb evinə yola düşənlərin çoxu klinikanın bütün həkimləri ilə, o cümlədən Adil Nuriyevlə sıx əlaqə saxlayır, onlara minnətdarlıq edirlər.
  Bu günlər həkimin fəaliyyətində vaxt anlayışı yoxdur. Bəzən günlərlə evinə gedə bilmir. Hətta bu peşəni seçməkdə ona yol göstərmiş anası – Zəhra həkim də onu yaxşı başa düşür. Koronavirusdan əvvəl evə gec gələndə danlağından da qalmayan Zəhra həkimin, hər dəfə ona bir sözü var: “Özünü də qoru!“. 

Adil həkim belə anlarda artıq yaşı  80-i keçmiş anasını elə o uşaq çağlarındakı kimi bağrına basır və: “Qorxma, - deyir,- Xocalıdan Ağdama gətirilən o yüzlərlə qaçqının içində, yüzlərlə meyitin yanında mən sənin cəsarətindən çox şey öyrənmişəm. Qorxma, axı, sən həmişə mənim yanımdasan!”.
                                                 

 Aytəkin Nəsirova