“İstedadlı uşaqların sorağında” adlı Beynəlxalq Onlayn Festival keçiriləcək

Bu ilin iyul ayının 11-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbəkistan məktəbliləri arasında “İstedadlı uşaqların sorağında” adlı Beynəlxalq Onlayn Festival keçiriləcək. 
“Sherg.az”a xəbər verir ki, onlayn festivalın əsas məqsədi gələcəyimiz olan istedadların üzə çıxarılması, onların bacarıqların nümayiş etdirilməsi, onları gələcəkdə daha da böyük uğurlara həvəsləndirmək və stimullaşdırmaqdır.

Festival aşağıdakı istiqamətlər üzrə keçiriləcək:  

1. Ana dilində daha çox və daha keyfiyyətli mütaliə bacarığını nümayiş etmək: mütailə edilən kitabın (video formatda) treylerini hazırlamaq və təqdim etmək, festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir.
2. Ana dilində xüsusi intonasiya ilə şeir söyləmək.
3. Kiçik səhnələşdirilmiş tamaşanın, səhnəciyin (ailəvi, bacı-qardaş) icra olunması (festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir).
4. Azərbaycan və Özbək mahnısını, milli rəqsini, milli musiqi alətini ifa etmək.
5. Hər hansı bir sahədə qeyri-adi bacarıq və istedadın nümayişi (qısa müddətdə hesablama, fitriyaddaş, qısa müddətdə hər hansı bir maketin hazırlanması və s.).
6. İdman və akrobatik qabiliyyətin nümayiş etdirilməsi.

Onlayn festivalda iştirak etmək istəyən hər iki ölkənin məktəbliləri Özbəkistandakı HeydərƏliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin [email protected] elektron poçtuna öz ad və soyadını, təmsil etdiyi məktəbin və sinif, habelə festivalda hansı istiqamət üzrə iştirak etmək barədə məlumatı göndərə bilər. 

Azərbaycan Mədəniyyət Mərkəzindən iştiraka dair təsdiq verildikdən sonra məktəbli Festivalda iştirak etmək hüququ əldə edəcək. 

Qeyd edək ki, “İstedadlı uşaqların sorağında” adlı Beynəlxalq Onlayn Festivalda fərqlənən məktəbli üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaq. 

Əlaqə telefonu: +99871 293 53 56
Veb-sayt:http://azculture.uz