SƏRT İTTİHAM: “Mənəvi dəyərlərə zərbə vuranları reklam edirlər”

“Uğur qazanan nümunəvi gənc alimləri ekrana çıxarmırlar, onlara maraq göstərmirlər”


Son illər cəmiyyətimizdə baş verən hadisələr, sosial şəbəkələrdə yayılan videolar ürəkaçan deyil. Bütün bunlar heç də xoşagələn tendensiyadan xəbər vermir. Uşaqların körpə yaşlarından elmə, təhsilə yönləndirilməsi, onların hərtərəfli inkişafı və dünyagörüşünün genişləndirilməsi, ən önəmlisi isə əxlaqi cəhətdən tərbiyəsi vacibdir. Amma indiki dövrdə və cəmiyyətdə bunun nə dərəcədə mümkünlüyü sual altındadır.

Bu günlərdə sosial şəbəkədə ekstranes Bayram Nurlunun Qəbələdə çəkilmiş videosu yayılıb. Videoda əcaib hərəkətlər edən Bayramın ətrafında çoxlu sayda azyaşlı uşaqlar olub. Uşaqlar böyük maraq və heyrətlə ekstrasensin rəqsini və davranışlarını seyr ediblər.

Bütün bunlar uşaqların düşüncələrinin yanlış istiqamətə meyllənməsindən xəbər verir. Gözü açılanda Bayram kimiləri görən körpələrimiz elə bilirlər ki, onun kimi olmaq yaxşı, şərəfli və qürurludur. 



Vəziyyəti “Sherg.az”a dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, normal toplum üçün mənəvi dəyərlərin öndə olması lazımdır.
Onun sözlərinə görə, mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir:

“O zaman ki, mənəvi dəyərlər arxa plana keçir və sıxışdırılır, artıq həmin cəmiyyətdə parçalanma baş verir. Təəssüf ki, bəzi dövlət qurumları məsələyə ciddi fikir vermirlər. Mədəniyyət Nazirliyi bütün bunlara əncam çəkməlidir. Televiziyaların da bu işdə böyük rolu var. Amma onlar əksinə axşama kimi mənəvi dəyərlərə zərbə vuran, maddi dəyərləri daha çox təbliğ edən insanları reklam edirlər. Ona görə də televiziya verilişilərinin əksəriyyəti ölkəmizdə xoşagəlməz vəziyyətin artmasında ciddi rol oynayıb”.

Sosioloqun sözlərinə görə, uğur qazanan gənc alimi ekrana çıxarmırlar:

“Nümunəvi gənclərimiz var. Amma televiziyalar onlara maraq göstərmir. Televizyalar Bayram kimilərə maraq göstərirlər”.