Psixoloqlar da onlayn rejimə keçiblər: “Bu, lazımi effekti verir”

“Gün ərzində bir pasiyentlə canlı söhbət edirəmsə, üçü ilə virtual ünsiyyətdə oluram”

Koronavirus pandemiyasının insanların psixologiyasına təsir göstərməsi artıq məlumdur. Bu mənada psixoloqlara müraciətlərin sayı artıb. Amma karantin şəraiti tet-a –tet görüşlərə imkan vermir. Belə vəziyyətdə  nə etmək lazımdır? Psixoloji seansları da təhsil kimi ən azı bir müddətlik onlayn mühitdə təşkil etmək mümkündürmü, yoxsa, distant psixoloji yardım mümkün deyil?

Sualımızı cavablandıran tanınmış psixoloq Azad İsazadə “Sherg.az”a deyib ki, indi onlayn seanslarda iştirak edən kifayət qədər pasiyent var: 

“Karantindən əvvəl də insanlar təşviş keçirməyə başlamışdılar. Onlarda koronofobiya yaranmışdı. Karantin elan olunduqdan sonra məyyən çətinliklər meydana çıxdı. İnsanlar ancaq iki saatlıq icazə ilə psixoloq yanına gedə bilərdilər. Bunun üçün isə məsafə mütləq qısa olmalı idi . Odur ki, biz son vaxtlar seansları onlayn qaydada, müxtəlif proqramlar, o cümlədən “Watsapp”, “Skype” vasitəsilə aparırıq. Gün ərzində bir pasiyentlə canlı söhbət edirəmsə, üçü ilə virtual ünsiyyətdə oluram. Və, bu, lazımi effekti verir”. 
A.İsazadənin sözlərinə görə, virtual seanslar yeni təcrübə deyil: 

“Biz əvvəllər də bu üsuldan istifadə edirdik. Xüsusilə xaricdə yaşayan azərbaycanlılar seans üçün müraciət edirlər. Əlbəttə, orda da psixoloq var. Amma dil, mentalitet problemi ünsiyyətdə çətinlik yaradır. Ona görə də pasiyentlər rus və Azərbaycan dilində danışan psixoloq axtarırlar. Biz də əlimizdən gəldiyi qədər onlara kömək edirik”.