Döyüşdə həlak olan generallar: Onların əksəri ön cəbhədə idi

Müharibə ölüm deməkdir. Və müharibədə təkcə əsgərlər ölmür, zabitlər ölmür. Bəzən ən yüksək rütbəli zabitlər belə səngərdə, döyüş mövqeyində, əməliyyat zamanı həlak olurlar. 
Araşdırmalarmız zamanı məlum oldu ki, son illərdə dünyanın müxtəlif münaqişə bölgələrində xeyli general döyüşün ön hissəsində həlak olublar. Məsələn, Donbasda gedən döyüşlərdə genral-mayor Sergey Kuçitski böyük qəhrəmanlıq göstərmişdi. O, döyüşlərin ön sırasında əsgərlərlə birgə idi və qəlpə yarasından həlak olmuşdu.
Amma generalların həlak olması barədə, necə deyərlər ən ağır statistika Suriya ilə bağlıdır.

Təkcə Latakya bölgəsində bir qərargaha atılan top mərmisi bir neçə rus generalın öldürmüşdü. Düzdür, onların adı açıqlanmamışdı. Amma həlak olma rəsmi sürətdə etiraf edilmişdi. Analoji hadisə Suriyanın Türkiyə sərhədində yerləşən Türkməndağı bölgəsində baş vermişdi. Rusiya və Bəşər Əsəd rejiminin generallarının keçirdiyi toplantıya hücum zamanı Rusiya ordusunun generalları axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalmışdılar. Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülmüşdü. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenant olduğu bildirilirdi. Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayor idi.

Yeri gəlmişkən, həmin generallardan da adı mətbuatda çəkilməmişi. Amma bu mətbuata adı sızanlar da var. Məsələn, iki gün əvvəl Suriyanın şərqindəki Deyr əz-Zor şəhəri yaxınlığında general-mayor Ruslan Qalitski həlak oldu. O, Çita vilayətindən Suriyaya ezam olunmuşdu. Həmin hadisəyə səbəb Rusiya ordusuna məxsus karvanın Deyr əz-Zordan Hmeymim hərbi bazasına gedərkən yolda basdırılmış partladıcı qurğunun işə salınması olub. Qalitskinin xəstəxanada vəfat etdiyi deyilir.

Ondan əvvəl də bir neçə adı bəlli generalın məhz döyüş şəraitində həlak olması barədə faktlar var. Məsələn, general-mayor Rəfaqat Xabibullinin adını çəkmək olar.

General-leytenant Valeri Asapov da minaatanlardan açılan atəş nəticəsində Suriyada həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.

Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb. Nəticədə ayaqlarını və bir gözünü itirib.

Başqa bir rusiyalı general Vladimir Petroviç Kocayev də Suriyada həlak olub. 

Suriyada təkcə rus deyil, iranlı generallar da həlak olublar. General Fərhad Dəbirian SEPAH-ın Palmiradakı komandanı olub. İran hökuməti generalın ölümü ilə bağlı təfərrüatları açıqlamayıb.Ondan əvvəl Suriyada SEPAH-ın “Əl-Qüds” elit bölməsinin baş komandanı Əsğər Paşabur öldürülmüşdü.
General Şəkiba Səlimi, Bilal Bakkour da Suriyada öldürülən generallar sırasındadır.

Hərbi əməliyyatlar zamanı belə hallar çox olur və təəssüf ki, Azərbaycan cəmiyyəti də  general Polad Həşimovun ölümünü yaşamalı oldu...

S.Məmmədov