Hamı ali təhsil alası deyil ki...

Yaxşı oğul peşə məktəbini də bitirib həyatını qura bilər

Xüsusi qayğıya ehtiyacı olan uşaqların mənzillə, yaşayış sahəsi ilə təminatı da xüsusi əhəmiyyət kəsb edir. Müəssisələr onları yataqxana ilə təmin edə bilər. Gündə bir dəfə pulsuz yemək verə bilər


Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarına dəyişiklik edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu dəyişiklik valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində də təhsil alan şəxslərə təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınmasının məhz təhsil aldığı müəssisə hesabına təmin edilməsini, yaxud həmin peşə təhsili müəssisəsi tərəfindən dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət verilməsini nəzərdə tutur.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından dövlət, ümumi təhsil, orta ixtisas təhsili, ali təhsil müəssisələri ilə yanaşı, peşə təhsili müəssisələrini bitirən şəxslər də məhz müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.

Nazirlər Kabineti yeni Qərarla “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsində də dəyişiklik edib. Dəyişiklik həmin müəssisədə yaşayan, dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin də kommunal xərclərinin onların təhsil aldığı müddətdə “Məzun evi” Sosial Müəssisəsi tərəfindən ödənilməsini nəzərdə tutur.

Qeyd edilir ki, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunduğu “Məzun evi” Sosial Müəssisəsi Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyətli layihələrindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən müəssisədəki yeni yaşayış binalarında 365 gənc mənzillə təmin olunub və daha bir yaşayış binası da tikilir.

Həmçinin, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.
Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır. Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əməkhaqqı qədər (250 manat) təqaüd verilir. 



Qəbul edilmiş qərarlar orta ixtisas təhsili məktəbləri – peşə məktəbləri ilə bağlı əsaslı dəyişikliklər edildiyini göstərir. Təhsil eksperti Rafiq İsmayılov bu fikirdədir ki, peşə məktəbləri və onların tələbələri ilə bağlı qəbul edilmiş qərarlar gənclərin peşələrə yiyələnməsi və həyatda özlərinə yer tapa bilmələri üçün müsbət addımlardır: 

- Orta məktəbi bitirənlərin əksəriyyəti “qaçır” ali məktəbə. Hesab edirəm ki, gənclərin ali təhsil almaq istəyi nə qədər müsbətdirsə, buna potensialı olmadan zərərli “ənənə”yə tabe şəkildə ali məktəbə daxil olmağı mütləq mənada qarşıya məqsəd qoymaq bir o qədər ziyanlıdır. Gözəl peşələr var. Vacib deyil ki, hamı ali təhsil alsın.

Mükəmməl peşə təhsili almaq, konkret bir peşəyə yiyələnmək insanın həyatda öz yolunu tapmasına daha çox kömək edir. Son illərdə peşə təhsilinə diqqət artıb və bu, müsbət haldır. Xüsusən, söhbət valideyn himayəsindən məhrum uşaqlardan gedirsə, onların hər hansı peşəyə yiyələnməsi həyatda özlərinə yer tapmaları üçün vacib şərtlərdən biridir.

Ali təhsil bahalıdır. Buna ailənin maddi imkanı olmalıdır. Hər ailəninsə buna imkanı çatmır. Ali məktəb tələbəsi olmaq, ailənin potensial işçi üzvünü itirməsi deməkdir və onun xərcləri də digər ailə üzvlərinin üzərinə düşür.

Daha sərrast düşünən ailələr, valideynlər var ki, övladının ali təhsil almaq potensialını düzgün hesablayır və övladını düzgün istiqamətə yönəldir. Müəyyən peşəyə sahib olmasını təmin edir. 17-18 yaşlı gənc, hətta 16 yaşlı yeniyetmə işləmək qabiliyyətinə malikdir artıq. Onu hansısa peşəyə yönləndirməklə həm peşə öyrənməsini, həm də ailə büdcəsinə yardım etmiş olur.

R.İsmayılov qeyd etdi ki, peşə məktəbləri ilə bağlı kompleks tədbirlərə ehtiyac var: 

- Təkcə qərarlar qəbul etməklə iş bitmir. Peşə məktəbində təhsil alan valideynini itirmiş uşaqlara münasibətdə kompleks tədbirlərə ehtiyac var. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olanlar peşə məktəbində peşələrə yiyələnməklə yanaşı, uyğun iş yerləri ilə də təmin edilməlidir. Peşə məktəbində təhsil aldığı müddətdə şagirdlərin uyğun peşə üzrə müəssisələrdə təcrübə keçməsi və məktəbi bitirdikdə işlə təmin edilməsi tələbi qoyulmalıdır. Bu uşaqların mənzillə, yaşayış sahəsi ilə təminatı da xüsusi əhəmiyyət kəsb edir. Müəssisələr onları yataqxana ilə təmin edə bilər. Gündə bir dəfə pulsuz yemək verə bilər. Güzəştlər, qayğı siyahısını uzatmaq olar. Dediyim odur ki, bu təbəqədən olan uşaqlar daim özlərinə qarşı diqqət və qayğı hiss etməlidir. Elə etməliyik ki, onlar itirilmiş vətəndaş olmasınlar, əksinə, dövlətə bağlı, dövlətə mənfəət gətirən uşaqlar olsunlar. 

R.İsmayılov peşə məktəbi şagirdlərinə ayrılan maddi yardımın məbləğinin aşağı olduğunu da dedi: 

- Hesab edirəm ki, göstərilən məbləğ azdır. 36 manata hansı dərs vəsaiti almaq olar? Yaxud, 27 manatlıq mövsümü geyim almaq olarmı? Hazırkı bazar qiymətləri ilə bu, mümkün görünmür. Amma bu başqa məsələdir ki, bəlkə Təhsil Nazirliyi paltar və ayaqqabı üçün hansısa istehsal müəssisəsi ilə müqavilə bağlayır, sifariş verir. O zaman 27 manata mövsümi geyim və ayaqqabı əldə etmək olar. Amma bu məbləğə “Pyer Karden” malları alınmayacaq, təbii ki. Keyfiyyət aşağı olacaq. Yenə də, dövlət vəsaiti hesabına şagirdlərin geyimlə təmin edilməsi müsbətdir. Təqaüd miqdarı da azdır. Günün reallığı mütləq nəzərə alınmalıdır. Bu uşaqların təkcə nəqliyyat xərcləri hesablansa, təqaüd miqdarının üzərində bir rəqəm edəcək.