Azərbaycanın işğal olunan ərazilərində koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

Azərbaycanın işğal olunan ərazilərində koronavirusa yoluxma ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın özündə virusun yayılma tendensiyası ilə Azərbaycanın işğal altında olan ərazilərində də kütləvi şəkildə yayılma var:

“Lakin bu barədə işğalçı rejim və digər kanallarda yayılan rəqəmlər gizlədilir. Azərbaycanın işğal olunmuş ərazilərində olan virusa yoluxma halı ilə bağlı məqamlar tam şəkildə gizlədilir.

O ərazilər Azərbaycan Respublikasının işğal edilmiş əraziləridir və orada yaşayanlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Söhbət Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından gedir.

Onlar arasında olan yayılma halı Azərbaycanın ümumi statistikasında göstərilməlidir. Təəssüf ki, işğal faktına və digər məqamlara görə orada olan yoluxma halları ilə bağlı tam dolğun məlumat ala bilmirik. Biz bu barədə beynəlxalq səhiyyə təşkilatlarına da məlumat vermişik”.