Qazılar Şurasının üzvü: “Sıx və qapalı məkanlarda toplaşmaq olmaz”

Bu il Məhərrəm ayı və Aşura dünyanın qarşılaşdığı çətin sınaq dövrünə- koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. Bütün dünyada, o cümlədən Azərbaycanda kütləvi tədbirlər qadağan olunub. Xalqımızın sağlamlığı naminə məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda dini mərasimlər keçirilməyəcək. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayır.

Lakin bu hal bəzi vətəndaşların narazılığına səbəb olur. Dini ayini yerinə yetirmək istəyən şəxslər yoluxma təhlükəsini düşünmürlər. Ona görə də verilən qərarlarla razılaşmaq istəmirlər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, Abşeron, Sumqayıt və Xızı bölgə qazısı Rauf Sərdarov "Sherg.az"a bildirib ki, vətəndaşlarımız mövcud durumu başa düşməli, çətin günlərdə dövlətimizə dəstək olmalıdır:

“Hazırda mövcud vəziyyətlə əlaqədar məscidlərdə İmam Hüseynin (s.ə.s) əzadarlığı ilə yanaşı, bütün gündəlik namazlar, dini ayinlər müvəqqəti təxirə salınıb. Bu gün və sabah insanların daha çox sıx toplaşdığı günlərə təsadüf edir. Aşura gecəsi və Aşura gününü yaşamaqdayıq”.

Qazılar Şurasının üzvü vurğulayıb ki, Məhərrəm ayının ilk günündən, Abşeron, Sumqayıt və Xızı qazılığının tabeliyində fəaliyyət göstərən bütün məscidlər sosial şəbəkələrdə canlı olaraq yayımlar təşkil edirlər:

“İnsanlara virtual formada  xidmət edirik.  Məqsədimiz əhalini sıx və qapalı məkanlardan yayındırmaq, həmçinin koronavirusdan qorunmanı təmin etməkdir. Sosial şəbəkələrdə çıxışlarımız və canlı görüntülərimiz QMİ-nin, o cümlədən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərişi ilə həyata keçirilən işlərin bir nümunəsidir.

Bu gün və sabah keçirilən əzadarlıq mərasimləri video görüntü vasitəsilə insanlara çatdırılacaq. Həmin görüntülərdə də İmam Hüseynin (s.ə.s) əzadarlığının tarixi, Kərbala faciəsinin əsas mahiyyətini insanlara bildirəcəyik.

Eyni zamanda müstəqilliyimiz və suverenliyimiz uğrunda canlarını fəda etmiş bacı-qardaşlarımıza, şəhidlərimizə rəhmət oxuyub, onları bir daha hörmətlə yad edəcəyik. Bu əməllərimizlə məscidlərin müvəqqəti yasaq olunma qərarını anlaması üçün əhaliyə səslənəcəyik. Sıx və qapalı məkanlarda toplaşmaq olmaz”.