“Ölkəmizi şəhidlərimizin fotosu ilə bəzəmək lazımdır” – QAZİ 

“Bütün insanlar öz ofislərinə, pəncərələrə şəhidlərimizin şəklini vurmalıdırlar”

“Onda daha vətənpərvər olacağıq, torpaqlarımızı daha tez azad edəcəyik” 


Son vaxtlar şəhidlərimizin şəkillərini avtomobillərinə vuran sürücülərə rast gəlirik. Sürücülərin bu davranışı təbii ki, şəhidlərimizə hörmət kimi qəbul olunur. 
Amma bəzən rast gəlirik ki, belə sürücülərin müəyən hissəsi şəhid adından və fotosundan sui-istifadə edir. Qayda pozanlar yol polisi tərəfindən saxlandıqda şəhid şəkillərini vurduqları üçün güzəşt tələb edirlər. 



"Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri,Qarabağ qazisi  Firidun Məmmədov “Sherg.az”a bildirib ki, 5-6 nəfər saxtakar şəhid şəklini maşına vurub bundan sui-istifadə edirsə, öz şəhidinə xəyanət edir:

“Şəhidlərimizin ruhunu yaşatmaq üçün onların şəkillərini avtomobilə vuranları təqdir etmək lazımdır. Vətəninin qəhrəmanı ilə bağlı belə gözəl ənənə formalaşdıranların olması çox gözəldir. Hansısa saxtakarlara görə, bu ənənəni qınaq obyektinə çevirməyə qətiyyən yol vermək olmaz. Şəhidlərimiz başımızın tacı, dövlətimizin qarantıdır. Şəhidimiz olmasa, dövlətimiz qorunmaz.

Biri şəhid olmaq istəməzsə, qazi olmaqdan vaz keçərsə, vətən ortalıqda qalar.

Hesab edirəm ki, şəhidlərimizin şəkillərini artırmaq lazımdır. Hətta təbliğat aparmaqla bütün insanlar öz ofislərinə, otaqlarının pəncərələrinə şəhidlərimizin şəklini vurmalıdır. Onda daha vətənpərvər olacağıq, torpaqlarımızı daha tez azad edəcəyik”. 

F.Məmmədov vurğulayıb ki, ölkəmizdə çox yerləri şəhidlərimizin fotosu ilə bəzəmək lazımdır:

“Məsələn Kərbəla şəhərinə gedən yolda hər 50 metr dirəyin üstündə şəhidlərin böyük şəkli var. Çünki vətənpərvər insanların olduğunu qəbul edirlər. Şəhidləri, qaziləri sevməklə xalqı vətənpərvər etmək olar.

Şəhidini sevməyən xalq demək ki, şəhid və qazi olmağa ürək etməz.  İctimai qınaqla şəhidlərimizin şəklindən sui-istifadə edənləri tərbiyələndirmək lazımdır.

İnanmıram ki, polislərimiz xırda bəhanələrə görə qayda pozuntusundan vaz keçsin. Onlar başa düşürlər ki, belələri fürsətçildirlər. Əksinə onları iki qat cəzalandırmaq lazımdır. Şəhidlərimiz müqəddəs və toxunulmazdır. Onların xatirəsini yaşatmaq hər birimizin borcudur”.