Nə vaxtsa, kimisə yaralayacaq


Gənclərin üzərində soyuq silah daşıması aqressiyanın ifadəsidir

Sirr deyil ki, müasir dövrümüzdə hər kəs üzərində asanlıqla soyuq silah gəzdirə bilir. Bu silaha isə ən çox meyl edənlər və üzərində daşıyanların əksəriyyəti məhz gənclərdir. Elə bu səbəbdən, xüsusən də ağır cinayətlərin əksəriyyəti soyuq silah hesab edilən bıçaqla törədilir. Soyuq silah dedikdə isə hər kəs yalnız mətbəxdə istifadə edilən bıçaq nəzərdə tutur. Amma soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, bir sözlə, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar aiddir.
Yeri gəlmişkən, o da bəllidir ki, bu gün istənilən mağaza və bazarda açıq şəkildə soyuq silah hesab edilən bıçaq satılır. Təbii ki, üzərində bıçaq gəzdirən varsa onun nə vaxtsa cinayət əməli törədəcəyi də gözlənilən haldır. Gənclər də soyuq silah hesab edilən bıçağın təhlükəli olduğunu və gəzdirməsinin yanlış olduğunu deyirlər. Amma iradəsinə qalib gələ bilməyənlər bıçaqdan kriminal məqsədlər üçün istifadə edir.

Elə bu yaxınlarda Mingəçevirdə 34 yaşlı qadının küçədə qardaşı tərəfindən bıçaqlanması halı yaşandı. 1986-cı il təvəllüdlü Mirvari Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun bədəninə çoxsaylı, 12 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Həkimlər tərəfindən aparılmış yoxlama zamanı məlum olub ki, xəstənin bıçaq yaraları biri ürək nahiyəsinə sirayət etmiş, biri qarın boşluğuna, digəri isə böyrəyə daxil olub. Bu cinayət hadisəsinin M.Məmmədovanın doğma qardaşı, 35 yaşlı Malik Məmmədov tərəfindən törədildiyi məlum olub.

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən psixoloq Zeynəb Eyyubova bildirib ki, gənclərimiz bir çox hallarda güc nümayişi, aqressiyanın hansısa formada ifadəsi üçün bu silah növünü üzərlərində daşıyırlar. Onun sözlərinə görə, ailə tərbiyəsi, təhsil səviyyəsi, mütaliəsi də onun bu davranış və vərdişlərinin yaranmasında mühüm rol oynayır: 

"Bu tip əşyaların uşaqlara verilməsi, üzərlərində gəzdirilməsi, yaxud da ondan təhvil alınması birmənalı şəkildə yolverilməzdir. Hər zaman soyuq silahların, xüsusilə də ov məqsədilə evlərdə saxlanılan tüfənglərin əleyhinəyəm.

Çünki dəfələrlə bu alətlərdən ehtiyatsızlıq ucbatından təəssüf ki, cinayət hadisələrinin baş verdiyinin şahidi olmuşuq. Məsələn, bu yaxınlarda tanınmış gitaraçı Nofəl Süleymanovun oğlu tərəfindən qətlə yetirilməsi hər kəsi çox üzdü.

Bir anlıq gəlin düşünək. Bu şəxs sonrakı taleyində nələr yaşayacaq? Təbii ki, ailə tərəfindən dəstək görüləcək, psixoloji yardım alacaq. Yəni zədənin minimum şəkildə qarşısını almaq olacaq. Amma istər-istəməz illər keçsə də, bu əzab həmin insana çox pis təsir edəcək. Bu onu gələcəkdə bitib-tükədəcək.

Düşünürəm ki, bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarət edilməlidir. Əgər onlara diqqət getdikcə zəifləsə, o zaman bu kimi hadisələr ölkədə kriminogen durumu sərtləşdirəcək".