Zirzəmidə hazırlanan saç şampunları... – Üstü bəzək, içi təzək ! 

Tanınmış jurnalistin aldığı “Head&Shoulders” saxta çıxıb

“Bu işlə məşğul olan işbazlar elə edirlər ki, məhsulun saxta olduğunu bilmək olmur”

“Təəssüf ki, bazara heç bir dövlət qurumu müdaxilə edə bilmir”


Supermarketlərdə saxta “Head & Shoulders” saç şampunlarının satıldığına dair iddialar dolaşır. Bu barədə tanınmış jurnalist Ləman Ələşrəfqızı Feysbuk hesabında məlumat verib. O, bildirib ki, uzun müddətdir, bu markanın şampunundan istifadə edir. Lakin sonuncu dəfə aldığı şampun saxta çıxıb:
“Uzun illərdir, saçımı ancaq “Head&Shoulders” şampunu ilə yuyuram. Budəfəki şampun isə elə bil zirzəmidə hazırlanıb. “Head&Shouldersin” iyi yüngülvari gəlir, amma içi zibil. Əslində salonda illər qabaq demişdilər ki, bu şampuna da əl qatırlar, inanmamışdım. Yaxşı, bəs bu ünlü şirkətin Azərbaycanda nümayəndəliyi yoxdumu? Hara baxırlar? İstehlakçını belə aldatmaq olurmu? Biz buna pul verib alırıq, sizin qablaşdırdığınız zibili yox. Əcəb işə düşmüşük, dünyaca məşhur brendi gətirib, Azərbaycanda özümüzə oxşadırıq. Ölkədə normal məhkəmə də yoxdur ki, vurub belini qırasan bunların”.
Bəzi işbazlar əhali tərəfindən hansısa məhsula təlabatın olduğunu gördükdə, qanunsuz yolla sexlərdə eyni markanın saxtasını istehsal edərək bazara çıxarırlar. Təəssüf ki, vətəndaşların əksəriyyəti məhsulu alarkən onun saxta olduğunu seçə bilmir.



Baş verənləri “Sherg.az”a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ən məşhur marketlərdə belə saxta mala rast gəlmək olarEkspert qeyd edib ki, belə hallara yalnız Azərbaycanda yox, dünyanın bir çox ölkələrində mövcuddur:

“Çünki bu işlə məşğul olan işbazlar elə edirlər ki, məhsulun saxta olduğunu bilmək olmur. Marketlər bütün məhsulları ekspertiza edə bilmirlər. Saxta məhsulları sənədi olan mallarla bir yerdə marketlərə ötürürlər. Bu problem dünyanın hər yerində yaşanır”. 

E.Hüseynov vurğulayıb ki, bəzən istehsalçılar eyni markanın keyfiyyətli və keyfiyyətsiz məhsulunu bazara daxil edirlər:

“Ümumiyyətlə, ölkəmizdəki bazarlarda bir ənənə formalaşıb. Əvvəlcə bazara yeni daxil olan mal istehlakçının rəğbətini qazanır, sonra həmin məhsulun saxta variantını bazara daxil edirlər. 

Təəssüf ki, bazara heç bir dövlət qurumu müdaxilə edə bilmir. Ona görə də belə xoşagəlməz durumlar yaranır”.