Ələsgər Məmmədli deputatın təklifini bəyənmədi

Sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə girişi tənzimləmək mümkün deyil

Sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması təklif edilir. Bu təkliflə deputat Jalə Əliyeva Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında çıxış edib. O, mediaya müraciət edərək bildirib ki, məlumatı yayan zaman onun doğruluğunu yoxlayın:

"Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir".

Təklifi şərh edən  media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, hansısa ölkənin sosial şəbəkə istifadəçisi barədə şəxsi məlumatı əldə etməsi və şəxsi məsuliyyətə cəlb etməsi çətin məsələdir. O bildirib ki, bu cür tənzimləmələr edilən təhqirlərin, böhtanların qarşısını ala bilməyəcək:

"Düzü, bunu ciddi hesab etmirəm. Çünki sosial şəbəkəyə qeydiyyat sadəcə Azərbaycanda baş vermir. İstənilən şəxs hansısa müəyyən proqramlardan istifadə edərək girə bilər.

Ona görə də belə bir tənzimləmə sosial mediada olan böhtanın, təhqirin qarşısını ala bilməyəcək. Azərbaycanda çərçivəli böhtan, təhqir əsasən xaricdən olanlardır.

Tutaq ki, bunu ölkəmizdə reallaşdırmaq mümkün oldu. Bu zaman sual yaranır ki, xaricdən olunanların qarşısı necə alınacaq? Elə insanlar var ki, sadəcə bu işlə məşğuldurlar.

Hesab edirəm ki, bunun icrasını həyata keçirmək o qədər də asan məsələ deyil. Yəni hüquqi təchizatlar xaricdə olduğu üçün milli ölkələr sistemi tənzimləyə bilmir.

Bunun üçün ölkələr qlobal resursun sahibi ilə əməkdaşlıq etməlidirlər".