Yeni qələbə xəbərləri, yeni uğurlar gözləyirik - Kənan Novruzov yazır

Sentyabr 26-sı gecə saatlarından etibarən cəbhədə gərginləşən vəziyyət çox keçmədən geniş miqyaslı hərbi əməliyatlara çevrildi. Beləliklə, Azərbaycan xalqının düz otuz ildir arzuladığı o müqəddəs gün gəlib, çatdı-müharibə başlandı. Əlbəttə, gec-tez belə də olmalı idi. Ermənistan hərbi-siyasi hakimiyyətinin ard-arda törətdiyi təxribatlara nə vaxtadək dözməli idik ki? Səbr kasamızın nə zamansa daşacağı və düşməni yerlə-yeksan edəcəyimiz ilk gündən məlum idi. Bundan sonrasını işğalçı düşünsün...

 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və bu məsələnin fonunda baş verən siyasi qütbləşmələr, toqquşmalar barədə danışmadan birbaşa olaraq son günlər cəbhədə yaşanan hadisələrin Azərbaycan cəmiyyəti üçün əhəmiyyətinə toxunmaq istəyirəm. Yaşından, cinsindən, peşəsindən, sosial statusundan, siyasi mövqeyindən və s. asılı olmayaraq bütün soydaşlarımız bu günü səbrsizliklə gözləyirdi. Əslində həmişə tarixi ədalətə də, ordumuzun gücünə də inanmışıq. Çünki, necə deyərlər, qisas qiyamətə qalmaz.

 Bütün cəbhəboyu genişmiqyqaslı hərbi əməliyyatlar başlandığı andan etibarən Azərbaycan ictimaiyyətində böyük bir ruh yüksəkliyi müşahidə olundu. Gələcəyə ümidimiz, sabahla bağlı işıqlı arzularımız artdı. Gənclərimiz heç bir əmr gözləmədən səfərbərlik və hərbi xidmətə çağırış məntəqələrinə üz tutdular, könüllü döyüşə getmək istədilər. Bu, Bakıda da, Tovuzda da, Qazaxda da, Naxçıvanda da, Ağcabədidə də, Qubada da...belə oldu. Sözsüz, hələ ki, belə bir təşəbbüsə ehtiyac yoxdur. Şanlı Azərbaycan ordusu düşməni məhv etməkdən ötrü kifayət qədər gücə sahibdir. Bu gücün arxasında isə ən müxtəlif amillər dayanır. Birincisi, Azərbaycanın haqlı tərəf olması, tarixi ədalətin bərpası uğrunda mübarizə aparması. İkincisi isə xalqımızın hərbçilərimizə, onların gücünə inamı. Əsgərlərimiz hər addımlarında bu etimadı hiss edir və onu doğrultmağa, qoruyub, saxlamağa çalışırlar.

 Bir neçə gün əvvəl Füzulinin yeddi kəndinin azad olunması xəbərini o qədər böyük coşqu ilə qeyd etdik ki...Ayın 27-də İctimai televiziyan “Ana xəbər” buraxılışının aparıcısı Jalə Həsənova adəti üzrə növbəti dəfə efirə çıxdı, Azərbaycanın görüşünə gəldi. Həmişəki kimi, yenə ölkədə və dünyada baş verən ən vacib hadisələr barədə bizi məlumatlandıracaqdı. Tamaşaçıları salamladı, cəbhə xəttindəki gərginlikdən danışdı. Ardınca da yeddi kəndimizin azad olunması ilə bağlı şad xəbəri verdi. Həmin anlarda sevinc göz yaşlarına hakim ola bilmədi. Kövrəldi. Otuz ildən sonra, nəhayət, rahat “nəfəs alan” kəndlərimizi sadalayanda səsi titrəyirdi. Əminəm ki, o dəqiqələrdə mənim kimi yüzlərlə tamaşaçı tarixi qələbəyə aparan bu qələbəni bölüşməkdən ötrü əzizlərinə, doğmalarına zəng edirdi.

 Təxminən yarım saat sonra hörmətli müəllimim, BDU-nun Jurnalistika fakültəsinin professoru, əslən Qarabağdan olan Cahangir Məmmədlidən zəng gəldi. Həmişəki müraciət forması ilə “Dədə, sənə bir intervyu vermək istəyirəm” dedi və sözə başladı:

Bildiyiniz kimi, yeddi kəndimiz artıq azad olunub. Bu, məndə belə bir ümid yaradır ki, Dağlıq Qarabağın azadlığı çox yaxındadır. Ermənistanda qaçış başlayıb...Bu günlərdə kəndimə gedəcəyimə inanıram. Onu da deyim ki, Azərbaycan xalqı heç vaxt indiki qədər səfərbər olmamışdı. Yaşından, cinsindən, peşəsindən, sosial vəziyyətindən asılı olmayaraq, hər kəs mübarizəyə hazırdır. İnsanlarımız Prezidentimizin, ordumuzun yanındadırlar. İndiyədək bu qədər qürur duyduğum an olmamışdı. Ordumuza canım qurban!

Düzdür, müəllimim müsahibə vermək məqsədilə zəng etmişdi. Amma bilirəm, dəqiq bilirəm ki, həm də sevincini bölüşmək istəyirdi. Bunu son cümlələri də təsdiqləyir: “...Mən Azərbaycan KİV-i qarşısında baş əyirəm. Ordumuzun elə qələbələri olsun ki, mətbuatımız “Biz sənin yanındaydıq, indi də yanındayıq” desin. Allah Prezidentimizi, ordumuzu, xalqımızı qorusun!”.

...Həmin gündən bu yana ard-arda qələbə xəbərləri alırıq. Füzuli, Ağdərə, demək olar, ordumuzun nəzarəti altındadır. Düşmən yuvasını itirmiş qarışqa kimi çoxdan pərən-pərən olmağa başlayıb. Ermənilərə bu da azdır. Sərhədyanı bölgələrdə yaşayan dinc sakinlərimizi ki, atəşə tuturdular ha, bax, bunun cavabını ilahi ədalət qarşısında verirlər.

 Son günlər baş verən hadisələr zamanı  dövlət- xalq tandemini oryaya qoymaqla yanaşı, həm də birlik, həmrəylik nümunəsi göstərdik. Əlbəttə, bu, heç də təsadüfi deyil. Çünki atalarımızın da dediyi kimi, el bir olsa, dağ oynadara yerinə. Bizim dağla, qaya ilə işimiz yoxdur, sadəcə erməniləri öz yurd-yuvalarına qaytarsaq, bəsimizdir. Bir daha torpaqlarımıza “əl uzatmamaq” şərti ilə birdəfəlik rədd olub, getsinlər.

 Yəqin, məşhur “Fəryad” filminə çoxları baxıb. Erməni hərbçiləri torpaqlarımızın işğalı xəbərinə sevinir və azərbaycanlı əsirin gözü qarşısında bunu qeyd edirlər. İndi vaxt-vədə yetişdi, fələyin çərxi çevrildi. Gözümüz də, qulağımız da Müdafiə Nazirliyindədir. Yeni qələbə xəbərləri, yeni uğurlar gözləyirik. Bilirəm, bir neçə günə Jalə xanım ayrı-ayrı rayonlarımızın azad olunması xəbərini bizə verəcək. Yenə kövrələrək, səsi titrəyə-titrəyə...Bəlkə də, ən yaxın gələcəkdə bötövlükdə Dağlıq Qarabağın tarixi sahiblərinə qaytarılması müjdəsini də ondan eşidərik. Allah o günü qismət eləsin!