Xanım politoloq: İtaliya ilə əlaqələr qarşılıqlı etimad prinsiplərinə əsaslanır

“Prezident İlham Əliyevin İtaliya səfəri çərçivəsində keçirilən görüşlər və verilən mesajlar bir daha sübut etdi ki, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi hər iki ölkə üçün prioritet istiqamətlər sırasındadır”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Aytən Qurbanova deyib. 
 
O bildirib ki, əməkdaşlığın inkişaf dinamikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək olur ki, İtaliya Azərbaycanın ticarət tərəfdaşları sırasında birinci yerdədir və ümumi ticarət dövriyyəsi 6 milyard dollardır:

“Enerji sahəsində əməkdaşlıq ilə yanaşı, mədəni və humanitar sahələr də əlaqələr ortaq maraqlar əsasında möhkəmləndirilir. Onu da mütləq şəkildə vurğulamaq lazımdır ki, Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanıyan və bu mövqeyini hər fürsətdə qətiyyətli şəkildə ifadə edən İtaliya ilə əlaqələr qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Qarabağın dirçəlişində iştirak edən italyan şirkətlərinin sayı da buna bariz nümunədir. Cənab Prezidentin səfər çərçivəsində xüsusi qonaq qismində iştirak etdiyi Çernobbio Forumunda çıxışı zamanı verdiyi mesajlar da İtaliya ilə münasibətlərin önəmini bir daha təsdiq edir. Həmçinin, yeni geosiyasi şəraitdə Azərbaycanın roluna dair önəmli mesajlar verən dövlət başçımız həm 44-günlük Vətən müharibəsi zamanı, həm də post-müharibə dövrünün reallıqları kontekstində Azərbaycanın atdığı addımların öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək uğrunda mübarizə aparan dövlətlər üçün nümunə olduğunu qeyd etməsi, fərqli qütblər və aktorlar arasında körpülərin qurulması təşəbbüslərinin davam etdiyini bildirməsi qlobal sistemdə Azərbaycanın artan nüfuzunu şərtləndirən əsas amillərdir. Bütövlükdə isə yeni formalaşan dünya nizamında Azərbaycanın yeni hədəfləri, eyni zamanda iqlim dəyişikliyi ilə bağlı ortaq yol xəritəsinin müəyyənləşdirilməsi istiqamətində prinsipial mövqeyimiz cənab Prezident tərəfindən aydın şəkildə ifadə olundu".

Ekspert bildirib ki, iqlim mövzusunun ölkələri və xalqları ayıran bir məsələ olduğu hər kəsə məlumdur:
“Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə Cənub və Şimal arasında körpülərin qurulması mümkündür.”