UNİCEF-in icraçı katibi ermənipərəstdir ! – “...Terrora dair bir bəyanatı yoxdur”

“O, Azərbaycana milli maraqlardan çıxış etməyən nümayəndələri təyin edir”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in bəyanatında qətlə yetirilmiş azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib. O,  qurumun icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət edib.

Ombudsman Aparatından bildirilib ki, UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatında ikili standartlara yol verilərək qətlə yetirilmiş uşaqlarla əlaqədar həqiqətlərin gizlədildiyi müşahidə olunub.

Səbinə Əliyeva uşaqların döyüş zonasına yaxınlığı olmayan, həmin zonalardan uzaq məsafədə yerləşən mülki yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən atdıqları raket atəşləri nəticəsində qətlə yetirildiyini deyib.



Bu faktların bəyanatda göstərilməməsi UNICEF-in bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi ilə yanaşı, baş vermiş insan itkilərinin döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verir.

 UNİCEF-in bitərəf, qeyri-obyektiv mövqeyinə dair “Sherg.az”a danışan QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədovun fikrincə, həmin qurumdan bundan başqa heç nə gözləmək olmaz: 

“Müharibənin ilk günlərindən etibarən UNİCEF-in fəaliyətini izləyirəm. Düşmənin qadağan olunmuş silahlardan istifadə etməsi, uşaqları qətlə yetirməsi ilə bağlı bir dənə belə, olsun konkret bəyanat yoxdur. Sadəcə ümumi fikirlər nəzərə çatdırılır.

Ümumiyyətlə, UNİCEF BMT-in ən korrupsioner qurumlarından biridir. Uşaqların adı ilə ildə yüz milyonlarla pul yığılır, amma həmin vəsaitin hara xərcləndiyi məlum deyil. UNİCEF-in icraçı katibi  açıq-aşkar ermənipərəstdir.

O, Azərbaycana milli maraqlardan çıxış etməyən nümayəndələri təyin edir”.