Ermənilər humanitar təşkilatları da hədəf seçib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb

Azər Həsrət: "Bir dövlət, bir hərbi rejim həddini aşar bəlkə də, amma bu, hədsiz dərəcədə həddin aşılmasıdır"


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində könüllünün ölümü ilə bağlı bəyanat verib. O, hadisə ilə sarsıldığını bildirib. Bəyanatda deyilir: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakilərə humanitar yardım çatdırarkən həlak olması ilə əlaqədar dərindən sarsılmışam. Humanitar təşkilatlar hədəf deyil. Həlak olan şəxsin ailə üzvlərinə başsağlığımı bildirirəm".

Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb.
Siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki,  ümumiyyətlə, işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri qanuna, insanlığa sığmır.

O vurğulayıb ki, Gəncəni gecə bombalamaq, Bərdədə isə insanların çox toplaşdığı, ümumiyyətlə,  heç bir hərbi bağlantısı olmayan məkanı bombalamaq, dinc əhalini öldürmək  bütün bunlar insanlığa qarşı bəşəri cinayətdir:

"Dünyanın mütərəqqi qüvvələri buna uyğun qiymət və reaksiya verməlidirlər. Amma təəssüflər olsun ki, bir çox beynəlxalq insan haqları təşkilatları, yaxud da dövlətlərarası təşkilatlar bu cür məsələləri  susaraq müşahidə edir. Ya da ki, ümumiyyətlə bu və ya digər şəkildə münasibət bildirərək, az qala Azərbaycanı da təcavüzkar dövlət olan Ermənistanla bir tərəzinin gözünə qoyurlar". 

Ekspert diqqətə çatdırıb ki,  Beynəlxalq Qızıl Xaç  və ya bunun kimi təşkilatlar mütərəqqi missiyalara xidmət edirlər:

"Yəni onlar insanlara çətin anlarında yardımçı olmağa çalışırlar. Özəlliklə də, müharibə, təbii fəlakətlər, aclıq, xəstəlik dövründə bu cür təşkilatlar insanların ən yaxın köməkçiləridir.

Təəssüflər olsun ki, dünən Bərdə bombalanarkən həmin könüllülərdən bir nəfər də həlak olub. Əlbəttə ki, bu artıq Ermənistanın həddini aşmasını belə kölgədə qoyan bir faktdır.

Bir dövlət, bir hərbi rejim həddini aşar bəlkə də, amma bu, hədsiz dərəcədə həddin aşılmasıdır. Düşünürəm ki, artıq dünyanın mütərəqqi gücləri, insan haqları qurumları bu məsələdə susqunluq nümayiş etdirməməlidir.

Beynəlxalq Qızıl Xaç Komitəsi özü buna münasibət bildirib, lakin beynəlxalq amnistiya təşkilatları da gərək bu məsələyə münasibət bildirsinlər. Təəssüflər olsun ki, hələ də ikili standartlar davam edir".