Orduya ən böyük dəstək sağlamlığı qorumaqdır

Koronavirus cəbhə tanımır, hər yerdə problem yarada bilər

Pandemiya qaydalarına əməl etməyimiz indiki durumda daha çox vacibdir

"Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 45 milyonu ötüb. Lakin hələ də infeksiyanın sürətlə yayılmasının qarşısını tam almaq mümkün olmayıb. Əksinə, virus daha da aqressiv şəkildə dünyanı ağuşuna almağa davam edir". 
Bu sözləri millət vəkili Anar Məmmədov deyb. O bildirib ki, aylardır dünyanın əsas müzakirə mövzusu olan koronavirus epidemiyası ilə bağlı vəziyyət Azərbaycanda da ciddi nəzarət altındadır:

"Bu virusun yayılmasının qarşısının alınması və profilaktikası ilə bağlı bütün lazımi tədbirlər görülür. Azərbaycanda koronavirusla bağlı vəziyyətin pisləşməməsi üçün dövlət tərəfindən hər cür imkanlar səfərbər edilib. Mümkün olan effektiv və zəruri tədbirlər ardıcıllıqla, planlı şəkildə həyata keçirilib. Birbaşa ölkə Prezidentinin rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib. Lakin təəssüf ki, son həftələr bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da "COVID-19"-a gündəlik yoluxma və ölüm halları artıb, sanitar-epidemioloji durum pisləşib".

A.Məmmədov vurğulayıb ki, koronavirusa yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir: 

"Vətənimizin bu ağır dövründə özümüzü xəstəliklərdən qorumaqla ön cəbhədə döyüşən hərbçiləri də xəstəliklərdən qorumuş olarıq. Unutmaq olmaz ki, bu gün biz iki səngərdə mübarizə aparırıq. Şanlı ordumuz hər gün mənfur düşməni öz silahı ilə zərərsizləşdirdiyi bir zamanda, gözə görünməyən koronavirus infeksiyası cəmiyyət arasında sürətlə yayılmaqda davam edir.

Belə olan təqdirdə isə yoluxma sayının minimumlaşdırılması üçün pandemiya qaydalarına əməl etməyimiz indiki durumda daha çox vacibdir. Məlum məsələdir ki, yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxan həkim və çarpayı yeri azalır. Ona görə də koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün önəmlidir.

Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Yaddan çıxartmamalıyıq ki, bu virus cəbhə tanımır, çox asanlıqla ön cəbhəyə keçə və bizim uğurlu işimizə problem yarada bilər.

Buna görə də bütün resursları cəbhəyə yönəltmək üçün əlimizdə olan silahdan maksimum şəkildə düzgün istifadə etməliyik: maska taxmalı, sadə gigiyena qaydalarına riayət etməli və sosial məsafəni gözləməliyik. Cənab Prezidentin də dediyi kimi, biz xalq olaraq birlik, həmrəylik nümayiş etdirməliyik".