Ermənilərin itkiləri kifayət qədər çoxdur

Lakin onlar ölkə ictimaiyyətinin ayağa qalxmaması üçün rəqəmləri gizlədirlər


Atəşkəs rejimi dövründə dəfələrlə hərbi təxribatlarla, Azərbaycanı müharibə ilə təhdid etməklə danışıqlar prosesini pozmağa çalışan Ermənistan hər dəfə layiqli cavabını alıb. İllərdir danışıqların imitasiyasını həyata keçirən rəsmi İrəvanın siyasəti artıq ifşa olunub. Siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən təcavüzkar Ermənistan hakimiyyəti hərb meydanında başından elə zərbə alıb ki, yeni yaranmış reallıqlar haqda düşünməyə məcbur qalıb. Siyasi qarşıdurma, hərc-mərcliyin hökm sürməsi, revanşist meyllərin güclənməsi, Paşinyan hakimiyyətinin iflasa uğraması kimi hallar işğalçı dövlətdə ciddi problemə çevrilməyə başlayıb. Sözsüz ki, Ermənistanın hazırkı ən ciddi problemi ardıcıl hərbi uğursuzluqlar, əsgər çatışmazlığı və döyüş əzminin olmamasıdır. 

Düşmən ölkənin acınacaqlı vəziyyətini “Şərq”ə dəyərləndirən millət vəkili Anar Məmmədov deyib ki, Ermənistanı bütün cəbhələrdə yalnız məğlubiyyət gözləyir. Deputatın sözlərinə görə, müharibə Ermənistanı iqtisadi tənəzzülün və sosial fəlakətin son həddinə gətirib çıxardı:

“Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı dövlətin hərbi və siyasi rəhbərliyi hər gün yeni cinayətlərə əl atmaqdadır. Başını itirmiş Yerevan hökuməti Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmamış uşaqları, muzdluları, əcnəbi vətəndaşları orduya cəlb edir. Bununla biz Paşinyan rejiminin təcavüzkarlıq, işğalçılıq mahiyyətini açıq şəkildə görürük.

Bu, bir daha göstərir ki, Azərbaycanın döyüş meydanında uğurları erməniləri müharibədən yayınmaq üçün min bir çıxış yolu axtarmasına gətirib çıxarıb. Bütün bunlar isə Ermənistan ordusunda ciddi qorxuya və psixoloji pozuntuya səbəb olub. Ön cəbhəyə göndərməyə resurs yoxdur.

Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi xarakter daşıyır. Ağır itkiləri görən sadə əsgərlər belə döyüşlərə qatılmaqdan imtina edirlər”. 

Parlament üzvü qeyd edib ki, ermənilərin itkiləri kifayət qədər çoxdur: “Bunu sosial şəbəkə hesablarında ermənilərin özləri də etiraf edirlər. Lakin Ermənistan tərəfi ölkə ictimaiyyətinin ayağa qalxmaması üçün ölüm halları ilə bağlı böyük rəqəmləri birdən-birə açıqlamır, həmişə olduğu kimi, yenə də riyakar üsullara əl atmalı olur.

Azərbaycan Ordusu isə heç kimin ərazisinə hücum etməyib və öz ölkəsinin sərhədlərini qoruyur. Bu yolda böyük qəhrəmanlıqlar, şücaətlər göstərir.

Təcavüzkarı isə lazımınca cəzalandırır. Ermənistan nəhayət bilməlidir ki, indi keçən əsrin 90-cı illəri deyil və bundan sonra onu istər Qarabağ, istərsə də digər cəbhələrdə yalnız məğlubiyyət gözləyir”.