Ermənistanın daha bir cinayəti ifşa olundu: Suriyadan Qarabağa kimlər köçürülüb - FAKTLAR, SƏNƏDLƏR


Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistan 2020-ci ilin sentyabr ayında xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirməyə başladı. Həmin vaxt sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı.

Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edirdi. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirdi.

Ermənistan işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq həmin insanları özünün məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevirirdi.

Rəsmi Bakı dəfələrlə vurğulamışdı ki, işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tanımır.

Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır.

Yeri gəlmişkən, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti müharibə cinayətidir.

Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən, “İşğalçı dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürməsi” müharibə cinayətini təşkil edir.

Məsələ ondadır ki, Ermənistanın özünün də qanunvericiliyinə görə də, bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququnun ciddi pozuntusu sayılır, və buna görə 8-12 il cəza nəzərdə tutulur.

Bir qədər əvvəl işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanmıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.
Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.

əmçinin, 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.

Hazırda qeyd olunan istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.