Ceyhun Bayramov Ukraynalı həmkarı ilə telefon danışığı aparıb -YENİLƏNİB

10 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.

XİN-dən  Sherg.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.

İki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu bildirilib.

Nazir Andrey Sibiqa təbriklərə görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə dair ümidvarlığını ifadə edib.

Ukrayna ətrafında yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpa və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Sherg.az xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib

Qeyd edək ki, onlar ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də ortaq problemlər haqqında danışıb

“Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi bir daha təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”, - deyə Andrey Sibiqa əlavə edib.