Savaşa gedən hərbçilərin borclarının tam silinməsi alqışa layiqdir

Ancaq bu məsələni yalnız bankların üzərinə atmaq müsbət nəticə verməyəcək

"Ayrıca bir Fond yaradılsın. Dövlət, banklar, sahibkarlar və ayrı-ayrı vətəndaşlar imkanları çatdığı qədər vəsait köçürsünlər. Fonda yığılan pul hesabına müharibəyə səfərbər olunmuş vətəndaşlarımızın və onların ailə üzvlərinin borcları tamamilə silinsin"

Azərbaycan Banklar Assosiasiyasının tövsiyəsindən sonra bir neçə bank torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərin, o cümlədən şəhidlərin və yaralanmış şəxslərin kredit borclarının faizlərini dondurub. Bəzi banklar isə Qarabağda düşmənə qarşı savaşan müştərilərinin borclarını tamamilə siliblər. Bu məsələ dünən Milli Məclisin plenar iclasında da gündəmə gətirilib.


Deputat Erkin Qədirli belə bir dövrdə bankların hərbçilərin kreditlərinin dondurulması ilə bağlı verdiyi qərarı alqışlayıb. Parlament üzvü vurğulayıb ki, ordumuz qələbə əldə edəcək, buna heç bir şübhə yoxdur. Lakin əlavə edib ki, millət vəkili kimi onlara müəyyən təkliflər və müraciətlər daxil olur: “Hesab edirəm ki, hərbçilərin səfərbərliyə qədərki nəinki faiz, hətta borcları da dondurulmalıdır. Səfərbərliyə alınanların buna hüquqi və mənəvi haqqı çatır”. E.Qədirlinin fikrincə, Vətəni müdafiə etmək də borcdur və bunu yerinə yetirənlər başqa borclar haqqında düşünməməlidir.

Günlərdir müzakirə olunan məsələylə bağlı fikirlərini “Şərq”ə bölüşən bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyib ki, bir sıra bankların hərbi xidmətə səfərbər olunmuş vətəndaşların borclarını dondurması heç də onların xoş təşəbbüsü deyil. Ekspertin sözlərinə görə, mövcud qanunun tələbinə görə, forsmajor hallarda vətəndaş onsuz da banka olan borcunu ödəyə bilmir. Çünki səfərbərliyə cəlb olunmuş şəxslər təbii olaraq bank qarşısındakı öhdəliyini icra etmək iqtidarında olmurlar:

“Belə halda banklar həmin vətəndaşın kredit faizini dondurmağa məcbur qalır. Amma şəhid ailələrinin, yaxud yaralanan əsgərlərin, ümumiyyətlə, döyüşə gedənlərin kredit borclarının silinməsi gözəl təşəbbüsdür və buna görə banklara təşəkkür düşür. Bank özü istənilən qərarı verə bilər, heç bir bankı nəyəsə məcbur etmək olmaz.

Nəzərə alaq ki, bankların dövriyyəsindəki vəsait onların deyil, əmanətçilərin puludur. Bir neçə bank şəhid olan insanlarımızın borclarını siliblər. Yaxşı olardı ki, Qarabağda döyüşən bütün hərbçilərin borcları bağlanardı. Ancaq banklar maliyyə baxımından bunun öhdəsindən gəlmək iqtidarında deyillər. Krediti çox olan bankın bütün borcları silməsi maliyyə vəziyyətini pisləşdirər. Amma borcun bir hissəsini silmək mümkündür”. 

Ə.Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşən bütün hərbçilərin borclarının tam ödənməsi üçün təklif səsləndirib:

“Ayrıca bir Fond yaradılsın. Dövlət, banklar, sahibkarlar və ayrı-ayrı vətəndaşlar imkanları çatdığı qədər vəsait köçürsünlər. Fonda yığılan pul hesabına müharibəyə səfərbər olunmuş vətəndaşlarımızın və onların ailə üzvlərinin borcları tamamilə silinsin.

Çox vaxt buna fikir verilmir, amma döyüşə gedənlərin ailə üzvlərinin də borcu nəzərə alınmalıdır. Əksər hallarda ailə başçısı sadəcə öz adına olan krediti deyil, ata-anasının, həyat yoldaşının, övladının da borcunu ödəmək məcburiyyətində qalır.

İndi onu səfərbərliyə cəlb ediblərsə, əvəzinə borcu kim ödəyəcək? Bu məsələni təkcə bankların üzərinə atmaq müsbət nəticə verməyəcək.

Bankların vəziyyəti heç də qənaətbəxş deyil. Təklifim odur ki, borcların ödənməsində banklarla yanaşı, dövlət və cəmiyyət də iştirak etsin”.