Ağdamda görüşərik - Kənan Novruzov yazır


Azərbaycanın və Qarabağın ayrılmaz tərkib hissəsi olan Ağdamı geri aldığımız, tarixi ədaləti növbəti dəfə bərpa etdiyimiz gündən etibarən millət vəkili, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbasla bir neçə dəfə telefonla danışmışam. BDU- nun Jurnalistika fakültəsinin professoru, hörmətli müəllimim Cahangir Məmmədli ilə isə, az qala, hər gün, əlaqə saxlayıram. Onsuz da optimist olan, işıqlı gələcəyə inanan( təsadüfi deyil ki, dədə- baba torpaqlarından ayrı düşdükləri ilk gündən ürəklərinin dərinliyində ora qayıtmağa dair əminlik var idi) bu insanların səslərinin daha da gümrahlaşdığını hiss etmək  çətin deyil.

Onları birləşdirən təkcə ağdamlı olmaları deyil. Elə peşələrini, xarakterlərini də nəzərə alsaq deyə bilərik ki,  bir- birilərinə "bab" (Qarabağ dialektidir) adamlardırlar. Məqsədim bu iki ziyalını səciyyələndirmək yox,  başqa bir məqamı xatırlatmaqdır.

Təxminən iki il əvvəl məhz Aqil müəllimin təşəbbüsü ilə BDU- nun Jurnalistika fakültəsinin bir qrup müəllim- tələbə heyəti Qarabağ torpağına- Ağdam və Ağcabədiyə səfər etmişdi. Yuxarıda adını çəkdiyim Cahangir müəllimlə yanaşı, heyətin tərkibində professor Allahverdi Məmmədli, Sevinc Əliyevə,  Zaur Babayev, Aygün Əzimova kimi müəllimlərimiz, həmçinin "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev kimi media kapitanları da var idi. Bir neçə günlük səfərdən qayıdandan sonra "Ağdamda görüşərik" sərlövhəli reportaj yazmışdım. Həmin yazıdan bir hissəsini oxucularla bölüşmək istəyirəm:

"...Ermənilərlə aramızda cəmi 3-4 kilometr var. Əsgərlər həyəcanlıdırlar. Təlaşla xəbərdarlıq edirlər ki, irəli getmək olmaz. Çünki ermənilər snayperlə bizi izləyə bilərlər. Cahangir müəllimin özü haqqında çəkilən “Beşinci fəsil” filmində dedikləri yadıma düşür: “Mənə burdan min kilometrlərlə məsafə qət edib Almaniyada atamın qəbrini ziyarət etmək daha asandır, nəinki Ağdama getmək". Tapdaq altındadır axı. Aqil Abbas bir az irəli getmək istəyir. Hərbi qulluqçular  “müəllim, olmaz” deyərək mane olmağa cəhd edirlər. O isə özünəxas tərzdə “dədə, evimə gedirəm də, neyləyəcəksən?! Evimə getməyə qoymursan?!” deyə sanki etirazını bildirir. O qədər təsirlənirəm ki...".

Həmin gün, əlbəttə, hamımız xüsusi həyacan keçirirdik. Əslən Şuşadan olan Aygün xanım ağlayaraq ürəyini boşalda bilirdi. Amma Aqil Abbasla Cahangir müəllim buna çətinlik çəkirdilər. Onlar təskinliyi sadəcə bizi qarşılayan əsgərlərin gözlərindəki mübarizlikdə,  qeyrətdə tapırdılar. Və bu, daxillərində ən müqəddəs varlıq kimi qoruduqları inamı lap artırırdı.

Xatırlayıram, hündür bir təpənin önündə foto çəkdirmişdim. Həmin şəkli sosial media hesablarımda yayanda belə yazmışdım: "bəlkə də, nə vaxtsa...". Çünki təpədən o tərəfə keçməyə icazə vermirdilər. Həmin ərazi faktiki olaraq düşmənlərin nəzarəti altında idi. Halbuki indi həmin yerdə Azərbaycan bayrağı dalğalanır. İnanın, bundan böyük xoşbəxtlik yoxdur.

Təəssüf ki, onda yazımı bədbin notlarla bitirməli olmuşdum:

"...Maşında bir gün əvvəl gəldiyimiz yolu yüksək sürətlə geri qayıdarkən qəfildən postdakı əsgərlər yadıma düşür, Mirzə Cəlilin “Kamança” əsərini xatırlayası oluram…Allah sənə rəhmət eləsin, ay Mirzə, sən “Kamança”nla böyük bir faciə barədə bizə xəbərdarlıq etsən də, başa düşmədik. Nəticədə Aqil müəllim öz evinə gedə bilmədi…".

Amma bu gün nəinki Ağdama, habelə Şuşaya, Laçına...getmək də artıq arzu yox, reallıqdır. Nə vaxt istədik, maşınımıza minə, gedə bilərik. Aqil müəllim bizi evinə aparmalı, Cahangir müəllim tələbələrini beş barmağı kimi tanıdığı rayonda gəzdirməlidir. Əslində professor "səni Ağdama, Şuşaya öz maşınımla aparacağam" deyə, artıq vəd verib.

Mən də söz verirəm ki, həmin səfərdən növbəti bir reportaj yazacam. Daha "Ağdamda görüşənədək" yox, "Ağdamda görüşərik" deyirik. Özü də tükənməz inamla. Bu inamı bizdə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və yenilməz ordumuz yaradıb!