“YAŞAT” cəmiyyətimizə də vacib mesaj verir

Diqqəti hiss edəndə vətəndaşlarımızın Vətənə, xalqa bağlılığı daha da yüksələcək

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində vətəndaşların firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması yönündə mühüm uğurlar əldə olunub. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib.

Ölkə başçısının rəhbərliyi ilə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə imkan verir ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Cənab Prezident hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Dövlətin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması isə qabaqcıl məsələdir.

Millət vəkili Anar Məmmədov “Şərq”ə bildirib ki, ölkə başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bu baxımdan şəhid ailələrinin və qazilərin təminatına dəstək fondunun – “YAŞAT”ın yaradılması xüsusi önəm daşıyır:

“Fondun yaradılması şəhid ailələrinin təminatına hərtərəfli dəstək verilməsi baxımından vacibdir. Eyni zamanda cəmiyyətimizə də vacib bir mesaj verir. Şəhid ailələrinə, qazilərə göstərilən qayğını, diqqəti hiss edəndə vətəndaşlarımızın Vətənə, xalqa bağlılığı daha da yüksələcək. İnsanlarımızda vətənpərvərlik duyğuları artacaq.

Fonda vəsaitlər könüllülük əsasında köçürüləcək və bu vəsaitdən müvafiq şəkildə istifadə olunacaq. Təkcə bir gündə “YAŞAT” Fonduna 1,5 milyon manat vəsaitin ianə edilməsi qalib Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsinin bariz nümunəsidir. Uca Tanrı xalqımızı qorusun, şəhidlərimizin ruhu şad olsun”.

Deputat vurğulayıb ki, artıq bir müddətdir şəhid ailələrinin üzvləri, müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur, protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar: “O cümlədən sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin edilirlər. Aktiv məşğulluq proqramlarında - özünüməşğulluq, ödənişli ictimai işlər və s.-də onlara üstünlük verilir.

Həmçinin, şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və avtomobillərin verilməsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində müntəzəm fəaliyyət həyata keçirilir. Şübhəsiz, dövlət tərəfindən atılan bu addımlar davamlı olacaq.

Əlavə olaraq "YAŞAT" Fondunun təsis edilməsi isə şəhid ailələri və qazilərin rifahını daha da yüksəldəcək, problemlərini aradan qaldıracaq”.