Nə müəllim hədiyyə götürməli, nə də valideynlər hədiyyə verməlidirlər -Sosioloq

''Birinci sinifə gedən uşaqların anası biraz görməmiş. Dekor qurduran kim, 101 roza sifariş edən kim. Bunun  nə müəllimə, nə valideynə, nə də təhsilə faydası var. Arada qazanan gül dükanları olur. Uşağınız ilk dəfə məktəbə gedirsə, 10 m xərcləyib yarım kq şokolad və çöp şiş, bir ədəd də buket kağızı alıb evdə özünüz şokolad buketi düzəldin. Əmin olun, bu buket müəllimənin daha çox ürəyincə olacaq''.
Bu fikirləri sosioloq Lalə Mehralı öz feysbuk hesabında paylaşıb.
Artıq dərs ilinin başlamasından bir neçə gün qalıb. Yeni həyata qədəm qoyan birincilər həyacan, valideynlər isə hədiyyə axtarışındadırlar. 
Maraqlıdır, ''Bilik günü''-də müəllimlərə bahalı hədiyyə verilməsi nə dərəcədə doğrudur?

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, ilk dəfə məktəbə ayaq basan birincilərin müəllimə hədiyyə alması artıq ənənəyə çevrilib:

''Unutmamalıyıq ki, valideyn kollektivi arasında imkanlılar olduğu kimi, maddi vəziyyəti yaxşı olmayanlar da var. Belə halda hədiyyəni almağa imkanı olmayan valideyn kimnənsə borc götürməyə məcbur qalır. Bu da onların sonrakı mərhələdə sosial vəziyyətində problemlərə səbəb olur. Əslində nə müəllim hədiyyə götürməli, nə də valideynlər müəllimə hədiyyə verməlidir. Burada birinci növbədə müəllimlər günahkardırlar. Lakin buna şərait yaradan valideynlərdir. Hələ bütün bunlar azmış kimi, valideynlər tərəfindən ibtidai pilləni bitirən uşaqlar üçün restoranda şənliklər belə keçirilir. Hətta, sinif rəhbərinə qızıl hədiyyə olunur. Bir sözlə, valideynlər bu mövzuda lap ağını çıxardıblar. Bununla bağlı valideynlərlə sosial iş aparılmalıdır. Valideynlərin bir çoxu müəllimlərə hədiyyə almaqla sanki, rüşvət verir. Ümumiyyətlə, insan tamahkar bir varlıqdır. Müəllimlər arasında da belələri kifayyət qədərdir. Ancaq elə müəllimlər var ki, ona hədiyyə verilməsini qəti qadağan edir. Bununla yanaşı, "Whatsapp" qruplarında istədikləri hədiyyənin fotosununu atan müəllimlər də var. Burada imkansız valideynləri düşünmək lazımdır. Onlar da digərlərinin oyununa daxil edilir. Məsələn, özəl günlərdə müəllimləri sevindirmək istəyiriksə, onlara kitab hədiyyə edə bilərik.  Fikrimcə, bundan gözəl seçim ola bilməz''.