Hamı düzgün işləməlidir ! - “Heç kimə güzəşt olunmayacaq” 

“Rüşvətxorluqla məşğul olanları nə Prezident, nə də xalq bağışlayacaq”

“Kim bu şəffaf düzəndə yer almaq istəmirsə, qoy vəzifəsindən istefa verib getsin”

Hazırda olduqca həssas və kövrək bir dönəmdəyik. Ölkəmiz sözün əsl mənasında müharibədən yeni çıxıb. Özü də savaşı zəfərlə baş vurub. Dünən Qələbə paradı ilə zəfərimizi qeyd etdik. Amma müharibənin itkisiz olmadığını hər kəs dərk edir. Şəhidlərimiz, qazilərimiz var. Yəni bir gözümüz gülür, biri də ağlayır. Belə məqamda gərək ki, hər kəs  həmrəylik nümayiş etdirsin. İndi insanların icra başçılarına və digər məmurlara ehtiyacı əvvəlkindən daha çoxdur. Onlar da “əllərini daşın altına qoyub” vətəndaşlara şəffaf xidmət göstərməlidirlər. 

Axı bu onların vəzifə borcudur.  İndiki anda məmurlardan yalnız öz vəzifələrini şərəflə yerinə yetirmələri tələb olunur. Fəqət, bəzi funksionerlər nəinki missiylarının öhdəsindən gəlmirlər hətta vəzifə səlahiyyətlərini də aşırlar. Özbaşınalıq və rüşvətxorluğa yol verirlər. Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov kimi... Hər kəsin Orduya Dəstək, şəhid ailələri və qazilərin sosial şəraitinin yaxşılaşdırlması məqsədilə yaradılan “YAŞAT”  Fondlarına maliyyə dəstəyi göstərdiyi bir məqamda N.Zeynalov dövlət büdcəsini talamaqla, insanlardan rüşvət yığmaqla məşğul imiş. Əlbəttə, cəzasını aldı. Ötənlərdə DTX xüsusi əmliyyat keçirdi və sabiq icra başçısını saxlanıldı.  Vəzifəsindən azad olunan N.Zeynalovla bağlı proseslər davam edir. 

Sözügedən qəbuledilməz məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev deyib ki, onların vicdanı, ruhu olsaydı əvvəlcədən rüşvətxorluqla məşğul olmazdılar. Çünki Qarabağı məhz həmin məmurların rüşvət aldıqları kasıbların övladları qanları ilə torpaqları suvarıb onu azad etdilər: 

“Bunun üçün də nə dünən, nə bu gün, nə də sabah Azərbaycan xalqından rüşvət istəmək, onu incitmək yolverilməzdir.  Hər hansısa bir məmur vətəndaşı incidirsə, onun haqlı işi üçün ondan rüşvət tələb edirsə və özünün vəzifə borcunu rüşvətlə yerinə yetirirsə, bu, lənətlənməlidir. Və mən də bunu pisləyirəm”.

 Belə işlərlə məşğul olan məmurlar varsa da, onlardan tələb edirik ki, bu əməllərindən çəkinsinlər. Düşünürəm ki, bundan sonrakı dönəmdə heç kəsə güzəşt oluna bilməz. Hər kəs düzgün işləməlidir.

Biz Qarabağı azad etmişik, yeni düzən və sistem formalaşdırırıq. Kim bu şəffaf düzəndə yer almaq istəmirsə, qoy vəzifəsindən istefa verib getsin. O qədər vəzifədə çalışmaq istəyənlər var ki...

Və yenə də deyirəm ki, rüşvətxorluqla məşğul olanları nə Prezident, nə də xalq bağışlayacaq. Bu, artıq mümkün deyil. Qoy hamı Azərbaycan xalqı üçün çalışsın. 

Bu xalq nə qədər uca olduğunu, torpaqları uğrunda hər an ölümə hazır olduğunu, Ali Baş Komandanın bir sözü ilə ölümə getdiyini sübut etdi. Ali Baş Komandan da, bütün vicdanı olan vəzifəli şəxslər də  əli qabarlı insanın, Qarabağda şəhid vermiş ailənin yanında dayanacaq və dayanır. Və kim onlara qarşı olacaqsa, həmin insanları incidəcəksə, onların sosial güzəranının yaxşılaşması üçün çalışmayacaqsa həmin məmurlar xalqın, millətin və dövlətin qəzəbinə gələcək".

 Ağarza Elçinoğlu