Zahid Oruc: ‘Keçmişimizi ticarət köşklərindən almalı deyilik’

Bu ilin martın 5-də Tovuz rayonuna səfəri zamanı ölkə prezidenti Tarix- diyarşünasılıq muzeyini ziyarət edərkən divardan asılmış xəritəyə iradını bildirərək demişdi: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın..Özü də uşaq otağıdır. Onlar gəlib soruşacaq ki,  hanı mənim qədim şəhərlərim? Əvəzində orada Urartunu görürük”.
Eyni səhnə ölkə başçısının Tərtərdə Dövlət rəmzləri muzeyində olarkən də təkrarlanmışdı.Prezident orada dedi ki, gərək tarixi yerlərimiz öz adları ilə əks olunsun:”Sisyanın əsl adı Qarakilsədir..bunu pozun və Qarakilsə yazın”. 

Göründüyü kimi,tarixi-mədəni-elmi irsimizi təkcə ermənilərin hücumundan deyil, ilk növbədə özümüzün səhv və yanlışlarımızdan qorumalıyıq. Oxşar mənzərə prezidentin İrəvanla baglı açıqlamalarına bizim bir çox alimlərimizin və siyasətçilərin reaksiyasında da özünü göstərirdi.Lakin indi biz qalib millətik və yeni tarix də gözümüzün qabağında yazılır.Bir vaxtlar çarizm və ondan sonrakı sovet dövründə öz milli keçmişimizi düzgün yazmağa icazə verilmədiyini deyirdik.Bəs indi bizə kim mane olur?

Dövlət başçısı Tarix İnstitutuna, Mədəniyyət nazirliyinə, Elmlər Akademiyasına, elə hamımıza tarix dərsi keçir, rayonlarda icra hakimiyyəti başçılarına Vətənin hər qarşının doğru tarixini bilməyi, onu dövlət divarından asarkən yaxşı-yaxşı öyrənməyi və gələcək nəsillərə ötürməli olduqlarını xatırladır.Vaxtilə Heydər Əliyev xarici diplomatik görüşlərdə hərbi-iqtisadi-siyasi gücümüzlə bərabər, xəritələri silaha çevirir, dünya siyasətçilərinə Tarixin dərslərini xatırladırdı.

Lakin problemin kökü bizim tarix siyasətindədr.Təəssüflər olsun, müstəqillikdən keçən 30 ilə yaxın müddətdə biz tariximizə hərətərfli və obyektiv baxışı, dünya elminin qəbul etdiyi sistemli yanaşma metodu ilə onun yazılmasını təmin edə bilməmişik.Başa düşməliyik ki, Tariximiz ideologiyaların və siyasətin qurbanına çevrilə bilməz.

Onu müxtəlif imperiyaların bir parçası kimi görməklə "xronoloji-təsvirçi-təhkiyəçi" “konsepsiyası”  ilə dövlətçilik tariximizə kompleks baxışı deyil, əksinə, epizodik/ fraqmentar münasibətlə  “Ana Vətən”dən- Ata Yurdu” səviyyəsinə qədər kiçiltmişik. Halbuki Tarix siyasəti və elmi, İnstitutu, alimlərimiz müharibənin ön cəbhəsində olmalıdır.

Ona görə də təklif edirik ki, ölkə rəhbəri yanında xüsusi Tarix Komissiyası yaradılsın! Biz keçmişimizi gedib ticarət köşklərindən almalı deyilik. Azərbaycan tarixinin ən mühüm səlnamələrinin qorunub saxlandığı Rusiya arxivləri, eləcə də İran, Gürcüstan, Fransa, Britaniya, həmçinin ABŞ-a hissə-hissə səpələnmiş tariximizin vahid bir binaya-ölkəmizə gətirilməsi düzgün Milli Tarix Kitabımızın yazılması üçün müvafiq dövlət proqramı qəbul edilsin.

Bu torpaqlarımızın azad olunması qədər vacib olan vəzifədir.Çünki tarixi dünənini düzgün öyrənmək, mifologiyalardan və ilgımlardan azad olaraq, daha gerçək milli hədəflər ugrunda mübarizə aparmaq deməkdir.