Zaman gəldi, həqiqətlərimiz qəbul olunur

Nəhayət, ABŞ Azərbaycanı dini azadlığın olduğu ölkələr sırasında göstərdi

Roma Papası Fransiskin tolerantlıq baxımından örnək ölkə kimi qiymətləndirdiyi Azərbaycanı ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası illərdir ədalətsizcəsinə “dini azadlığın pozulduğu” dövlətlər siyahısına salırdı. Komissiya bu il də guya dini azadlıq baxımından “narahatedici məqamlar” olduğundan ölkəmizin “xüsusu izləmə” siyahısına salınmasını istəyib. Lakin ABŞ-ın dövlət katibi bunu rədd edib. Beləliklə ədalət yerini tutub və Azərbaycan dini azadlığın olduğu ölkələr sırasında yerini alıb.

Əslində Azərbaycandakı dini tolerantlığın və multikultural dəyərlərin hansı səviyyədə olduğu Qərb təşkilatlarına yaxşı bəlli olsa da, ikili standartlar və qərəzli yanaşma həmin qurumların obyektiv olmasına imkan vermirdi. Təşkilat nümayəndələri ölkəmizdəki dini azadlıq mühitini dəfələrlə öz gözləri ilə görsələr də, hesabat vaxtı kar-lal olurdular. Görünür, 44 günlük Vətən müharibəsi bir çox sahədə yanaşmaları dəyişməklə bərabər, bu məsələdə də ciddi dönüşün yaranmasına səbəb olub. 

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas-alim Seyid Camal Əzimbəyli “Şərq”ə deyib ki, xarici dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri özəl danışıqlarda, görüşlərdə həqiqətən Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerant münasibətin analoqunun olmadığını deyirlər. Amma onun sözlərinə görə, bunlar bəzən sözdə qalır. Xarici dairələr Azərbaycanda bu dəyərlərin qorunmasından, millətlərarası və dinlərarası dözümlülüyün inkişafından narahatlıq duyurlar:

“Onların hesabatlarında dəfələrlə bu qərəzin şahidi olmuşuq. Halbuki, erməni vandalları 30 ilə yaxın işğalda saxladıqları torpaqlarımızda müqəddəs məbədləri, məscidləri, hətta digər dinlərə məxsus, əsrlərdir torpaqlarımızda mövcud olan məbədləri belə təhqir ediblər, orada donuz saxlayıblar. Bu illər əzrində “multikultural dəyərlərin qoruyucusu” rolunda çıxış edən beynəlxalq təşkilatlar səslərini çıxarmayıblar.

Düşünürəm ki, bundan sonra obyektiv münasibətlərin şahidi olacağıq. 44 günlük Vətən müharibəsi və dövlət başçısı, Qarabağın fatehi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət bütün qərəzli beynəlxalq təşkilatları haqq yoluna gətirəcək”. 

S.C.Əzimbəyli vurğulayıb ki, bundan sonra beynəlxalq arenada, dünya xalqları arasında Azərbaycan adı daha yüksək səslənəcək:

“Həqiqətlərimiz dünya ictimaiyyəti tərəfindən qəbul olunmağa başlanacaq. Nəticədə beynəlxalq təşkilatlar, xarici dövlət təmsilçiləri haqq işimizi müdafiə etməyə məcbur qalacaqlar. Təbii ki, biz də bundan məmnun olacağıq. Sizi əmin edirəm ki, Azərbaycanda nəinki dinlərarası, eyni zamanda millətlərarası münasibətlər də yüksək xətlə inkişaf edib.

Ölkəmizdə bütün xalqların təmsilçilərinin haqq və hüquqları yüksək səviyyədə mühafizə olunur. Zamanla bu reallığı bütün beynəlxalq qurumlar etiraf edəcəklər”.