Sözə bürünən 70 illik ömür yolu

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov yubiley yaşına qədəm qoydu

2021-ci ilin tanınmış yubilyarlarından biri də Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, publisist Bəxtiyar Sadıqovdur. Azərbaycanın çoxillik ictimai-siyasi həyatında və mətbuat cameəsində özünəməxsus yeri olan baş redaktor bu il 70 yaşına qədəm qoyur. Bəxtiyar Sadıqov haqqında söz söyləmək asan deyil. Çünki o özü söz adamı, qələm əhlidir. Sözün çəkisini, dəyərini və qüdrətini başqalarından daha yaxşı sezən peşəkar jurnalistdir. Söz qədrini bilən Bəxtiyar müəllimin haqlı qənaətinə görə “dünya sözlə yaranıb, sözlə yaşayır və sözlə idarə olunur”. O baxımdan Bəxtiyar Sadıqovun 70 illik ömür yoluna nəzər yetirmək çətin və bir o qədər məsuliyyətlidir. Məqsədimiz Əməkdar jurnalist, ictimai-siyasi xadim Bəxtiyar Sadıqovun şərəfli ömür yoluna qısaca nəzər salmaq və yubilyara yeni uğurlar arzulamaqdır. 

Bəxtiyar Sadıqov 1951-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. Bakı Yerli Sənaye Texnoloji Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə başa vurub. 1975-ci ildən 1991-ci ilədək “Abşeron” və “Kommunist” qəzetlərində fəaliyyət göstərib. Müstəqillik dövründə mətbuat sahəsindəki fəaliyyətini “Həyat” qəzeti ilə davam etdirib. 2002-ci ilin aprelindən bugünədək “Azərbaycan” qəzetinin baş redaktorudur. Həmçinin, ehtiyatda olan zabit, kapitandır.

2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. O, Qarabağ uğrunda müharibədən bəhs edən iki yüzdən çox məqalə, 50-dən çox elmi, bədii, siyasi və publisistik kitabın redaktorudur. Milli Məclisdə 119 saylı Ağdam kənd seçki dairəsini təmsil edən deputat uzun illərdir ölkənin ali qanunverici orqanında qəbul olunan qanunların, eləcə də müxtəlif ictimai, iqtisadi, siyasi məsələlərin müzakirəsində fəal iştirak edir. Usanmadan dövlətçiliyin

möhkəmlənməsinə yönəlik mövqe ortaya qoyur. Ümumiyyətlə, dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər, beynəlxalq qlobal problemlər və adi sosial məsələlər baş redaktorun tez-tez toxunduğu mövzulardandır. 

Bir məqamı xatırladaq ki, Bəxtiyar Sadıqov rəhbərlik etdiyi qəzetin 1991-1992-ci illərdə Qarabağ bölgəsi üzrə xüsusi müxbiri olub və bölgəni səngər-səngər gəzərək məqalələr yazıb. Onun həmin məqalələrində Qarabağın gələcək taleyi ilə bağlı nigarançılıq açıq-aydın sezilirdi.

Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın və qalib Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində bir ağdamlı kimi Bəxtiyar müəllimin də nigarançılığı sona çatdı. Ağdam rayonu 27 illik əsarətdən sonra yenidən azadlığa, öz sahibinə qovuşdu. 

Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi “Azərbaycan” qəzeti rəsmi dövlət orqanı kimi ön yerdə dayanır. Şübhəsiz, bu işdə baş redaktorun müstəsna xidmətləri, əvəzsiz rolu danılmazdır.

Ölkəmizdə, regionda və dünyada elə aktual hadisə yoxdur ki, “Azərbaycan” qəzeti operativ reaksiya nümayiş etdirməsin. Hətta ölkədəki bəzi neqativ halları haqlı tənqid edən də “Azərbaycan” qəzetidir.

Dövlətçiliyimizə, milli maraqlarımıza, mənəvi dəyərlərimizə, Prezidentin tapşırıqlarının icrasına mane olan nə varsa bu qəzetin tənqid hədəfidir. Hazırkı mətbuat bolluğunda yüksək səviyyəni qoruyub saxlamaq məhz baş redaktorun zəngin təcrübəsi sayəsində mümkün olub. 

Sözün kəsəsi, cəmiyyətdə etimad, sayğı qazanmaq və onu qorumaq asan deyil. Bəxtiyar müəllim daim sərgilədiyi obyektiv və prinsipial mövqeyi, əsaslandırılmış sözü ilə hər zaman örnək şəxsiyyət, hər an ehtiyac duyulan həqiqi ziyalıdır. Bəxtiyar Sadıqov heç vaxt ona olan etimadı itirməyib, bəslənən ümidləri doğruldub. 

Biz də “Şərq” qəzeti olaraq həmkarımıza, Əməkdar jurnalist Bəxtiyar Sadıqova uzun ömür, can sağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. 70 illik yubilieyin mübarək olsun, Bəxtiyar müəllim! Yaşayın, yaradın.