Tariximizin qızıl hərfləri...

17 ildə mükəmməl gənclik yetişdi

Qarabağa qədər olan qələbələrin hamısında onlar öndəydi

Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan mühüm cəhətlərdən biri vətənpərvərlik hissi və yüksək milli ruh idi. Təsadüfi deyil ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə qalanlar isə səngərdə olanlara əllərindən gələn köməyi əsirgəmədilər. Hər cür maddi və mənəvi dəstək verdilər, günlərlə cəbhəyə ərzaq və geyim daşıdılar, yaralılara qan verdilər.

Bütün bunlar bir daha göstərdi ki, siyasi, dini və sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmağımızı şərtləndirən başlıca amillərdən biri də sonsuz vətənpərvərlik hissi, milli ruhun yüksəkliyi idi.

Adətən, bir ölkənin tarixində yeni mərhələ yarada bilmiş liderlərin ardıcılları haqqında “onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Liderimiz İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə vətənpərvər, milli ruhda tərbiyə almış dinamik gənc nəsil yetişib. Dövlət başçısı Şuşaya səfəri zamanı bu məqama xüsusi diqqət çəkdi.

Ölkə rəhbəri Azərbaycanda vətənpərvər gənclərin yetişməsindən çox şad olduğunu bildirdi. Bəyan etdi ki, məhz onun Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində yetişən nəslin nümayəndələri işğal altındakı torpaqlarımızı düşməndən azad etdilər:

“Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi.

2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. 

Həqiqətən, döyüşlərdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə hərbi ekspertləri heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi. Məhz onların canı, qanı bahasına 30 ilə yaxın həsrətində olduğumuz Vətən torpaqları azadlığa qovuşdu, düşməndən təmizləndi. 



Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, gənc siyasi şərhçi Tural İsmayılov “Şərq”ə bildirib ki, ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin siyasətində gənclər məsələsi daim ön planda olub.

Ekspertin sözlərinə görə, məhz Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda gənclər siyasəti ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib: “Gənclərlə bağlı atılan addımlar içərisində hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi fonunda verilən sərəncamlar mühüm rol oynayır.

Azərbaycanda gənclər hərəkatı və təşkilatları bumunun inkişafı birbaşa dövlət rəhbərliyinin bu sahəyə xüsusi qayğısı nəticəsində mümkün olub. Ümumiyyətlə, hökumətin təşviq etdiyi bütün layihələrdə, istər incəsənətlə, istər siyasi polemikalarla bağlı olsun, hərbi-vətənpərvərlik ruhu öncəlik təşkil edib.

Cənab Prezidentin göstərişi sayəsində Azərbaycanda gənclərdən ibarət böyük könüllülük hərəkatı formalaşıb. Gənclərimiz Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli mühüm platformalarda, yarışlarda həm təcrübə toplayıblar, həm də dünyagörüşləri artıb”. 

Ekspert 2020-ci ilin dövlət başçısı tərəfindən “Könüllülər İli” elan olunmasına diqqət çəkib:

“Təəssüflər olsun ki, pandemiya şəraiti açıq tədbirlərin keçirilməsinə imkan vermədi. Buna baxmayaraq, gənclərimiz il boyu əksər prosesdə yüksək səviyyədə təmsil olundular. Əlbəttə ki, həm Azərbaycan Silahlı Qüvvələrinin tərkibində, həm də müharibəyə könüllü qatılan, səfərbərliyə cəlb olunan vətəndaşlarımız arasında gənclərin böyük üstünlüyü var idi.

Cənab Prezidentin Şuşa səfərində vurğuladığı kimi həmin gənclər Qarabağ ermənilər tərəfindən işğal olunanda ya dünyaya yeni gəlmişdilər, yaxud heç anadan olmamışdılar. Onlar Prezidentin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində yetişiblər, vətənpərvər ruhda böyüyüblər.

Ordumuzun böyük əksəriyyətini təşkil edən gənclərimiz Qarabağın düşmən işğalından azad edilməsində müstəsna rol oynayıblar. Bu danılmaz fakt gənclərin önəmini bir daha ortaya qoyur”.