Sülhün generalları

Onlar əmin-amanlıq yaratmağa həm də odun-alovun içindən gəlib

"Türkiyə hərbçilərinin yüksək peşəkarlığından heç kimin şübhəsi olmasın"


Məlum olduğu kimi Türkiyə-Rusiya Monitorinq Mərkəzinin qərargahı paritet əsasda qurulub və qurumda hər tərəfdən bərabər sayda nümayəndə təmsil olunub. Mərkəzdə Türkiyə və Rusiyadan ümumilikdə 120 hərbçi xidmət aparacaq. Mərkəz atəşkəs rejiminə riayət olunması və razılığın pozulması barədə məlumatları toplayaraq yoxlayacaq və ümumiləşdirəcək. Bölgəyə nəzarət isə pilotsuz uçuş aparatları və digər texniki vasitələrdən istifadə olunmaqla həyata keçiriləcək.

Mərkəzin əvvəllər Gəncə və ya Bərdə şəhərlərində yerləşməsi variantları müzakirə olunsa da, Türkiyə bu rayonların Rusiya sülhməramlılarının əməliyyat zonasından coğrafi uzaqlığı səbəbindən təklifə razılıq verməyib. Müzakirələr nəticəsində seçim Azərbaycanın Ağdam rayonunun Mərzili kəndinin üzərində dayanıb. Nəticədə yanvarın 30-da açılış mərasimi keçirilən Mərkəz fəaliyyətə başlayıb. Qərargah Xankəndidən düz xətt üzrə 30 kilometr, avtomobil yolu boyunca isə 41 km məsafədədir. Monitorinq Mərkəzi ilə bağlı müzakirə olunan məsələlərdən biri də qurumda xidmət göstərən türk və rus hərbçilərinə rəhbərlik edən şəxslərlə bağlıdır. Bilindiyi kimi Rusiya hərbçilərinə general-mayor Viktor Fedorenko, türklərə isə general-mayor Abdullah Qatırçı komandanlıq edir. Artıq hər iki generalla bağlı müzakirələr və mülahizələr getməkdədir. General-mayor Viktor Fedorenko 2011-ci ildə polkovnik rütbəsi ilə Rusiya Silahlı Qüvvələrinin 4 hərbi dairəsindən biri olan Cənub Hərbi Dairəsinin Radioelektron Mübarizə Xidmətinin rəisi təyin olunub. Eyni vaxtda Cənub Hərbi Dairəsinin qərargah rəisinin müavini vəzifəsini icra etməyə başlayıb və 10 il bu vəzifədə çalışıb. Rusiyalı general-mayor Suriya müharibəsinin də iştirakçısıdır. 

Türk hərbçilərinin başınada dayanacaq general-mayor Abdullah Katırçı isə 2020-ci ilin avqust ayının 23-də Yüksək Əsgəri Şuranın qərarı ilə general rütbəsi alıb. O, polkovnik rütbəsi ilə uzun müddət Türkiyə Silahlı Qüvvələrinin quru qoşunlarının İzmir və Menemendə yerləşən 57-ci topçu alayının komandir müavini və komandiri vəzifəsini icra edib. İnternet məkanında general Katırçı barəsində geniş məlumat əks olunmayıb. Görünür, bu səbəbdən sosial şəbəkələrdə və saytlarda Rusiyanın Monitorinq Mərkəzinə daha peşəkar və hazırlıqlı kadr göndərdiyi iddia olunub.   

İddialarla bağlı “Şərq”ə fikirlərini bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması olduqca əhəmiyyətlidir. Hərbi ekspertin sözlərinə görə, Mərkəzdəki türk və rus generallarını bir-biri ilə müqayisə etmək düzgün deyil:

“İlk növbədə nəzərə almaq lazımdır ki, generallar bura hansısa hərbi əməliyyatları yönləndirmək üçün gəlməyiblər. Onlardan yüksək hücum və müdafiə qabiliyyətini sərgiləmək tələb olunmur. Mərkəzin konkret missiyası, funksiyasının nədən ibarət olduğu bəllidir və region dövlətləri arasında müzakirə olunub. Monitorinq Mərkəzinin əsas vəzifəsi nəzarəti həyata keçirmək, vaxtında informasiya ötürməkdir. Belə şəraitdə türk və rus hərbçilərinə rəhbərlik edən generalların karyerası o qədər mühüm rol oynamır. Burada hərbi təcrübədən söhbət getmir. Çünki ortada konkret tapşırıqlar və fəaliyyət proqramı var. Hərbçilər nəyi, necə etməli olduğunu əvvəlcədən bilirlər. Əfsuslar olsun ki, Rusiya sülhməramlıları öz funksiyasını tam olaraq yerinə yetirmir. Bir müddət əvvəl Ermənistan Xarici işlər naziri Ara Ayvazyan qanunsuz olaraq Qarabağa gəldi, görüşlər keçirdi və getdi. Halbuki, sülhməramlılar Ayvazyanın Xankəndinə gəlişi ilə bağlı ən azından məlumat verməli idilər. Digər tərəfdən Xocavənddə faşist Njdeyə heykəl qoyulmasının qarşısı alınmalı idi. Həmçinin, Laçın dəhlizinə nəzarət edilməlidir. Kəlbəcərə gedən yük maşınlarımızın qarşısı kəsilməməlidir. Bunlar göstərir ki, Rusiya sülhməramlıları obyektiv fəaliyyət göstərmir və ermənipərəst mövqedən çıxış edirlər”. 

Polkovnik vurğulayıb ki, Türkiyənin təmsil olunduğu Monitorinq Mərkəzi bu cür neqativ hallarla bağlı dərhal rəsmi Bakıya və digər hökumətlərə məlumat verəcək:

“Mərkəz 4-5 gündür işə başlayıb, artıq indidən xəbər yayılır ki, Qarabağda separatçılara məxsus silahlar bölgədən çıxarılır. Türkiyə hərbçilərinin yüksək peşəkarlığından heç kimin şübhəsi olmasın. Qardaş ölkənin güclü ordusu və kadrları NATO prinsipləri çərçivəsində formalaşıb. Türkiyə əsgərləri, generalları dünyanın bir çox ölkəsində Suriya, İraq, Liviya və Əfqanıstanda həm döyüş əməliyyatları icra ediblər, həm də sülhməramlı missiyanı yerinə yetiriblər. Əmin olun ki, general Abdullah Katırcı Azərbaycanın mövqeyini və maraqlarını bizim kimi qoruyacaq. Rus generalın yaşının çox olması, daha əvvəl general rütbəsi alması heç nəyi dəyişmir. Ağıl yaşda yox, başdadır. Türkiyənin hərbçiləri ruslardan daha peşəkar və qətiyyətli olduqlarını Yaxın Şərqdə və bir çox qaynar nöqtələrdə dəfələrlə isbat ediblər. Həm də bölgədə nəzarət ən müasir sistemlər, PUA-lar vasitəsi ilə aparılacaq. Türkiyə zabitlərinin bu işlərdə təcrübəsi hamıya məlumdur. Sözün qısası, iki generalı “tərəziyə qoyub çəkənlərin” və rus zabitə artıq “xal” verənlərin hərb sənətindən anlayışları yoxdur”.