Qazinin atası:"Oğlum əmisinin intiqamını aldı”

“Neçə erməni öldürdüyünü bilmirəm"

"Bildiyim odur ki, Ruslan bu vətənin övladı olmağa layiqdir” 


Zər qədrini zərgər bildiyi kimi, vətənin qədrini də vətəndaş bilir. Sözün əsl mənasında vətəndaş. Yəni yeri gələndə, vətənin daşı olmağa hazır olan insan. İkinci Qarabağ müharibəsi dövründə minlərlə igid oğlumuz sinəsini qabağa verdi. Onlar düşmənin xain güllərinin qarşısını aldılar. Kimisi şəhid oldu, kimisi qazi. Amma hər biri adını tarixə qəhrəman kimi yazdı. 1996-cı il təvəllüdlü Ruslan Sadıqov da belə qəhrəmanlardandır. O, Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb.

Və indi- belə gənc yaşında artıq müharibə veteranıdır. 

 Ruslanın atası Fərman bəy oğlu barədə “Sherg.az”a danışarkən bildirib ki, onun qəhrəmanlığında subyektiv amillərin də rolu var:

“Ruslan həm orta, həm də ali məktəbdə yaxşı oxuyub. Bir dəfə belə olsun, dərslərindən narazı qalmamışam. Sentyabrın 30-da cəbhəyə yollandı. Düzdür, snayper kursları keçmişdi. Lakin, görünür, snayperə ehtiyac olmadığına görə avtomatla döyüşüb. Cəbrayıl və Qubadlının azad olunması uğrunda mübarizə aparıb.  Yanvarın 3-də isə tərxis olundu.

Həmin gün mənim ad günüm idi. Ruslanın sağ-salamat gəlişi ən böyük hədiyyə oldu. Oğlumun İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğuna görə çox sevincliyəm.

Çünki mən özüm də Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Qardaşım, yəni Ruslanın əmisi isə həmin savaşın şəhidi olub. Görünür, bu məqamların da təsiri var. Ruslan indi fəxrlə deyir: əmimin intiqamını aldıq. Neçə erməni öldürdüyünü bilmirəm. Bildiyim odur ki, oğlum bu vətənin övladı olmağa layiqdir”. 

F.Sadıqov, həmçinin iki vətən müharibəsini müqayisə edib və ordumuzla qürur duyduğunu söyləyib:

“Biz o vaxt könüllü döyüşmüşdük. Vəziyyət çox ağır idi. Təminat, silah-sursat yox idi. Yeməyə ərzaq tapmırdıq. Şükür, indi hər şey yaxşıdır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin silahlı qüvvələrimiz üçün yaratdığı şərait, əsgər və zabitlərimizə ayrılan diqqət, qayğı öz nəticəsini verir. Yəni indiki tarixi qələbənin açarı məhz yaradılan şərait, vaxtı ilə keçirilmiş təlimlərdir.

Ancaq, inanın, Birinci Qarabağ müharibəsi olmasaydı, biz bu gün bu sevinci yaşaya bilməzdik”.