Yaralar dərindir !"Bir qazi xanımı var, hələ də danışa bilmir"

"Gecə gələn zəngdən qorxub. Qorxurdu ki, deyəcəklər yoldaşın şəhid oldu, artıq yoxdur"

Müharibədən zərər çəkənlərə psixoloji yardımın göstərilməsi üçün Türkiyədən ölkəmizə gəlmiş psixoloqlar qrupunun rəhbəri Səlcuq Dəmirbaş psixoloji terapiyadan keçmək üçün müraciət edənlər arasında dil tutulmaları və danışmaq istəməyənlərlə çox rastlaşdıqlarını deyib. 
Onun sözlərinə görə, müraciət edənlərdə eşitmə problemi, aqressivlik, eyni zamanda depressiya, panik-atak kimi psixoloji xəstəliklər, ürək döyüntüsünün dəyişməsi, nəfəs çatışmazlığı, boğulma hissi, əllərdə tərləmə və titrəmə, çox şiddətli baş ağrıları da ən çox rast gəldikləri simptomlar arasındadır.
Psixoloqun sözlərinə görə, travma terapiyası bir sistem halında müalicə edilir. Əvvəlcə mənfi duyğular aradan qaldırılır: "Mənfi duyğular deyərkən yaşanan ağır streslər, hirs, nifrət nəzərdə tutulur. Daha sonra şüurda və şüur altında olan səhnələr, fotolar, gözlərini yumduqları zaman gözləri önünə gələn mənfi səhnələrin silinməsinə çalışılır. Güllə, bomba səsləri, insan səsləri də beyində bir travma halına gəlir. Terapiyanın növbəti mərhələsində şüur altındakı bu səslər də silinir".

S.Dəmirbaş qeyd edib ki, müharibə zamanındakı savaş səslərinin müharibədən sonra insan psixologiyasına dərin təsirləri olur: "Bu mənfi səhnələr, səslər şüur altından silindikdən sonra zərərçəkənlərə müsbət duyğular haqqında danışılır və onlara müsbət aura aşılanır.

Qeyd edək ki, Türkiyədən gələn psixoloqlar qrupunun apardığı terapiya sayəsində danışa bilməyən 10-15 nəfərin danışması 80 faiz geri qaytarılıb, eşitmə pozulmaları yarıbayarı bərpa edilib. 

Nəzərə çatdıraq ki, müharibədən sonrakı dönəmdə psixoloji gərginlik yaşayan hərbçilərin, eyni zamanda vətəndaşların psixoloji durumunun yaxşılaşdırılması yönündə azərbaycanlı həkim və psixoloqlar əllərindən gələni etməyə çalışırlar. 

"Şərq" olaraq mövzunu inkişaf etdirmək üçün psixoloq Aytən Ələkbərovaya müraciət etdik. O, bizə qazi və əsgərlərimizin, həmçinin, vətəndaşların müharibədən sonra hansı gərginliklərlə üzləşdiklərini, onlarda hansı xəstəlik və tibbi pozğunluğun əmələ gəldiyini izah etdi:

"27 sentyabrdan başlayaraq "mən də müsəlləh bir əsgərəm" adı altında bir paylaşım etdim. Ondan sonra mənə həm hərbçi ailələri, həm də qazilərimiz müraciət etdilər.  

Hər kəsin fərqli problemi olur. Amma onları ümumən birləşdirəcək "olsaydı, yenə gedərdim" düşüncəsi mövcuddur. Məsələn, deyək ki, bir ayağı, qolu yoxdur və yaxud da eşitməsində problemlər var, ya da danışıqlarında müxtəlif qüsurlar yaranan şəxslər gəlib. Biz onlarla loqopedlərlə birgə işləyirik və istədiyimiz nəticəni əldə edirik. 

Elələri də var ki, özlərinin elə də bir problemi yoxdur. Amma həyat yoldaşında və ailəsində olanlar arasında itirmə qorxusu yaranıb. Onlar öz problemlərinin içində yenə də ailələrini düşünərək hərəkət edirlər. Yəni onların içərisində "qurban vermə" stimulu daha çox önə çıxır. 

Özlərini itirmək qorxusu yox, ailələrinin onları itirmək qorxusundan əziyyət çəkən qazi ailələri var. Hansı ki, mən onlarla da təmənnasız olaraq  işləyirəm. Baxırsan ki, zaman keçməsinə rəğmən hələ indi də xanımın dili tutulub, danışa bilmir.

Gecə gələn zəngdən qorxub və danışa bilmir. Qorxurdu ki, deyəcəklər yoldaşın şəhid oldu, artıq yoxdur. Danışdıqca bütün bu problemlər üzə çıxır. 
Fərdlər müxtəlif olduğuna görə hər qazinin, hər şəhid ailəsinin də problemi fərqlidir. 

Ağarza Elçinoğlu