Sabit, təhlükəsiz və müasir həyat...

"Azərbaycanda inkişafın davamlılığı üçün bütün zəruri potensial mövcuddur"

"“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”  milli maraqlar və strateji planlamanın vəhdətidir. Aydındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Bu səbəbdən Azərbaycan öz inkişafını bu reallıqlar fonunda davam etdirəcək. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələr müəyyənləşdirir.

İlk növbədə 30 ilə yaxındır davam edən münaqişənin tarixə qovuşması regionda təhlükəsizliyin təmin olunmasını şərtləndirir. Bu isə Cənubi Qafqaz regionunda qarşılıqlı-faydalı əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar deməkdir”.

Millət vəkili Könül Nurullayeva “Şərq”ə açıqlamasında deyib ki, tarixi ərazilərimizin azad olunması ilə ölkəmizin bütöv inkişafı üçün yeni sosial-iqtisadi əsaslar formalaşıb:

“Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq üçün strateji planlamaya ehtiyac var. Bu mənada milli prioritetlər proqramı dövlətin daha da inkişafını, cəmiyyətin rifahının artmasını təmin edəcək. Ümumiyyətlə, Azərbaycan hər zaman regionun aparıcı ölkəsi olub. Regionumuzla bağlı olan bütün qlobal layihələrin əsas təşəbbüskarı məhz Azərbaycandır. Sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi bu gün Azərbaycanda inkişafın davamlılığı üçün bütün zəruri potensial mövcuddur.

Təsadüfi deyil ki, beynəlxalq təşkilatların da proqnozlarında  Azərbaycanda 2021-ci ildən başlayaraq qarşıdakı illərdə iqtisadi artım proqnozlaşdırılır. Bu mənada ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi zəruri hesab olunur. Aparılan islahatlar həm də ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsinə, eyni zamanda Azərbaycanın rəqabətli insan kapitalı  və müasir innovasiyalar məkanına çevrilməsinə zəmin yaradacaq”.

Millət vəkili deyib ki, yeni inkişaf mərhələsində  ən önəmli məsələlərdən biri - Böyük Qayıdış sayəsində soydaşlarımızın öz tarixi torpaqlarında dayanıqlı məskunlaşması təmin ediləcək:

“Təbii ki, dövlət yeni ərazilərdə əhalinin yüksək rihafının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirəcək.  Regionların tarazlı inkişafının təmin olunması əsas vəzifələrdən biridir. Təbii ki, bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılıb. Azad olunmuş ərazilərimizdə də bu mənada iqtisadi aktivliyin daha da artırılması, bütün resursların iqtisadi dövriyyəyə cəlb edilməsi milli gəlirlərə əlavə dəyər qatacaq”.