Hesablama Palatasının QHT-ləri yoxlaması qanunidir

"Şura problemlərin aradan qaldırılması istiqamətində dərhal işə başlayıb və aşkarlanan vəsait büdcəyə qaytarılıb"


Məlum olduğu kimi Hesablama Palatası bir çox qurumlarda yoxlamalar həyata keçirir. Ötən il 30-dan çox qurumda aparılan dövlət maliyyə nəzarəti barədə yekun nəticə artıq açıqlanıb. Nəticədə 53 milyon manata yaxın vəsaitin büdcəyə bərpa olunması haqqında qərar qəbul edilib. Hesablama Palatasının yoxlama apardığı qurumlar arasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da var. Palatanın 3 il üzrə Şurada aşkarladığı çatışmazlıqlar nəticəsində 174.475 manat dövlət vəsaitinin büdcəyə bərpası haqqında qərar qəbul edilib. Bu vəsaitin sadəcə 23.612 manatı QHT layihələrini əhatə edib. Məlumata görə, QHT-lər müvafiq vəsaiti büdcəyə qaytarıb.

Vurğulanıb ki, Şuranın təşəbbüsünə baxmayaraq qurum fəaliyyətə başladığı 2008-ci ildən ötən ilədək yoxlamaya cəlb olunmayıb. Bu baxımdan belə yoxlamaların aparılması qurumun fəaliyyətinin təkmilləşdirilməsi və daha yaxşı təşkil olunması baxımından olduqca faydalıdır. Yoxlamanın məqsədi çatışmazlıqları və pozuntuları aşkar edərək müvafiq qurumların fəaliyyətini təkmilləşdirməsinə kömək etməkdir. Müvafiq təşkilatların işi isə bu yoxlamalardan nəticə çıxararaq həmin nöqsanları aradan qaldırmaqdır.

QHT rəhbəri, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Şərq”ə açıqlamasında deyib ki, 20 ilə yaxındır qeyri-hökumət təşkilatının rəhbəridir və bu müddət ərzində çoxsaylı layihələr icra edib. N.Orduxanlının sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığı son 10 ilə dayanır:

“Obyektivlik naminə vurğulamaq istəyirəm ki, son on il ərzində Şura ilə əməkdaşlığımız yüksək səviyyədə həyata keçirilib. Qurumda şəffaflığın təmin olunmasına və obyektivlik prinsiplərinə söykənmiş addımlara dəfələrlə şahid olmuşam. Şura Azərbaycanın dövlət və milli maraqlarının qorunması, ölkəmizin dünyada tanıdılması, daxilə hesablanmış layihələrin icrası istiqmətində hər zaman qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib, onları maliyyələşdirib. Son illərdə Şuranın yaratdığı “Səlis” proqram nəticəsində qurumla təmas sıfır səviyyəsinə endirilib. Bu da sırf şəffaflığa hesablanmış addım idi. Nəticədə hər il Şuranın maliyyələşdirdiyi yüzlərlə sosial layihələrdən on minlərlə insan faydalanıb. Xüsusən icraçı direktor Fərasət Qurbanovun xidmətini xüsusi qeyd etmək lazımdır. Görülən işləri dəyərləndirmək hər vicdanlı QHT sədrinin mənəvi borcudur”.

QHT sədri Hesablama Palatasanın yoxlamalarına da münasibət bildirib:

“Hesablama Palatasının yoxlamalarına gəldikdə isə bu, zəruri və qanunidir. Fərasət Qurbanov mətbuata açıqlamasında özü qeyd etmişdi ki, Şura rəhbərliyi neçə ildir Palataya müraciət edirmiş ki, qurumda yoxlamalar aparılsın. Yoxlamalar nəticəsində bir sıra vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətində, ekspertlərə ayrılan vəsaitlərdə, daxili prosedurlarda müəyyən problemlər, çatışmazlıqlar ortaya çıxıb. Bildiyimə görə, Şura həmin problemlərin aradan qaldırılması istiqamətində dərhal işə başlayıb və aşkarlanan vəsait büdcəyə qaytarılıb. Ortaya çıxan nöqsanların aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Əlbəttə, iş olan yerdə bəzi nöqsanların ortaya çıxması mümkündür. Sadəcə onu deyə bilərəm ki, Şura donor təşkilat olaraq hər il tanınmış yüzlərlə QHT-yə öz qapılarını açıb”.