YAP-çı professor: "Hüseynbala Mirələmov naqis hərəkət edib”

“Elə etmək lazımdır ki, bir adam vəzifədə 5 ildən artıq qalmasın. Bu zaman çürüməyə başlayırlar”

Sabiq deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun videogörüntüləri ölkə gündəmindən düşmək bilmir. Sosial şəbəkə istifadəçiləri YAP üzvünü dayanmadan tənqid atəşinə tuturlar. Vətəndaşların böyük əksəriyyəti H.Mirələmovun YAP-dan kənarlaşdırılmalı olduğunu iddia edir. 



YAP-ın Siyasi Şurasının üzvü, ictimai-siyasi xadim, professor Şahlar Əsgərov məlum görüntülərlə bağlı “Sherg.az”a danışıb:

“Hüseynbala Mirələmovun videosunu görəndə çox pərişan oldum. İnanmağım da gəlmir ki, YAP üzvü bu cür naqis hərəkət edib. Belə hadisənin baş vermə səbəbi odur ki, YAP sədrləri və digər məmurların vəzifələri və iş yerləri dəyişdirilməlidir. Elə etmək lazımdır ki, bir adam vəzifədə 5 ildən artıq qalmasın. Bu zaman çürüməyə başlayırlar. Ona görə də vəzifədə olan şəxslərin iş yerləri tez-tez dəyişdirilməlidir. Məsələn, rektorların özü hörmətli şəxs olaraq vəzifəyə gəlir, cəmiyyətin sevimlisi olur, sonra da sevimsiz biri olaraq gedir”.