Gündəmi “Tik-tok” müəyyənləşdirir! – "Gizli əllər”...

Qulu Məhərrəmli:"Ciddi problemləri məişət səviyyəsinə endirmək, yersiz dartışmalar yaratmaq istəyənlər çoxdur"


Sosial şəbəkələr çox qəribə platformadır. Hər səhər telefonumuzu əlimizə alıb sosial şəbəkə hesablarımıza göz gəzdirəndə bir gündəmlə tanış oluruq. Sanki gündəmi artıq “Facebook”, “İnstagram”, “Tik-tok” müəyyənləşdirir. “Sanki” niyə? Elə belədir. Əks halda cəmiyyətin əksər hissəsi nə üçün “Şuşa bəyannaməsi”nin müddəalarını arxa plana keçirib Fulya Öztürklə bağlı film çəkilməsini ajiotaja çevirsin, Van Damdan danışsın, ya da hansısa ucqar bir kənddə üçbuynuzlu keçinin doğulmasını ciddi-cəhdlə müzakirə etsin?!  Görünür, hansısa "gizli əl və ya əllər” informasiyanı idarə edir və məqsədli şəkildə gündəmi dəyişir.

 BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında sosial şəbəkələrdəki tendensiyanı belə izah etdi: 

“Bu, həmin platformalardakı azadlıq meyarları, demokratiya ilə əlaqəlidir. Gündəmi dəyişmək istəyənlərlə yanaşı, ictimai rəyə təsir etməyə çalışanlar da var. Ciddi problemləri məişət səviyyəsinə endirmək, yersiz dartışmalar yaratmaq istəyənlər çoxdur. Çünki həmin mövzularda “müzakirə aparmaqdan ötrü” xüsusi intellekt tələb olunmur. Və biz hər kəsdən eyni dərəcədə məntiq, intellekt, dövlətçilik şüuru ummaqla səhv edirik. Odur ki, sosial şəbəkələrdəki meyli normal qarşılamalıyıq”.

 Q.Məhərrəmli, həmçinin belə hallarla necə mübarizə apara biləcəyimizi izah etdi: 

“Media işçiləri bu məsələdə aktiv olsalar da, tək onlar deyillər. Mənfi yüklü, yoxlanılmamış informasiya yayanlar az deyil. Lakin onların bu cəhdləri külək effektlidir- əsib keçir. Nə gündəmi dəyişə bilir, nə də prosesləri. Biz cəmiyyətdə intellektual səviyyənin yüksək olmasına çalışmalıyıq. Belədə hadisələrə doğru yanaşacaq və sosial şəbəkələrdən umacağımızı minimum endirə biləcəyik”.