Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Qəhrəmanların övladları sevindi

Yay düşərgələrinin üstünlükləri, müsbət tərəfləri çoxdur

"Uşaqlar ünsiyyət bacarığına yiyələnir, sosiallaşırlar, düzgün fiziki tərbiyə alır, düzgün qidalanır, tədris-təlim proqramlarında iştirak edirlər"


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb. Layihə “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi reallaşır. Bundan əlavə layihənin reallaşmasında  Təhsil Nazirliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Sosial Xidmətlər Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Turizm Agentliyi, həmçinin digər dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatları da iştirak edir. Təşkilati-logistik məsələlər üzrə tərəfdaş “Miqrasiya Könüllüsü” İctimai Birliyidir. Düşərgə 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulur. Düşərgə layihəsinin həyata keçirilməsində məqsəd şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.

Düşərgədə Azərbaycan Könüllülər Təşkilatının üzvləri də layihə müddətində iştirakçıları müşayiət edəcəklər.

Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunacaq. Bundan başqa, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar planlaşdırılır. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşəcəklər.
Düşərgənin açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətinə toxunan Təşkilat komitəsinin sədri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “ForAzerbaijan” Təşkilatının hər bir üzvünə və bütün tərəfdaşlara təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarları olan uşaqların hər birimiz üçün əmanət olduğunu, şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Xidmət rəisi dövlət qurumlarının layihədə fəal iştirakını təqdirəlayiq hesab edib.

“For Azerbaijan” Xeyriyyə Təşkilatının qurucu üzvlərindən olan, “Dentos” şirkətinin partnyoru Ülviyyə Zeynalova-Bockin çıxışında Təşkilatın əsas fəaliyyət məqsədlərindən söhbət açıb. Bildirib ki, qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin təhsilinin inkişafına töhfə vermək prioritetlər sırasındadır. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Açılış mərasimində “Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov tədbir iştirakçılarına layihənin hazırlıq prosesində görülmüş işlər barədə ətraflı məlumat verib. 76 nəfərlik Düşərgə iştirakçıları üçün nəzərdə tutulmuş təlim, ekskursiya və əyləncə proqramları ilə bağlı təqdimat edib.

Yay düşərgələri ənənəsi sovetlər dönəmində də olub. Həm də yayqın, kütləvi. Yay düşərgəsində şəxsən iştirak etmiş şəxs kimi (M.R- red) uşaqların hansı formada istirahət etdiyinin, hansı vərdişlərə yiyələndiyinin şahidi olmuşam. Həqiqətən də uşaqların fiziki inkişafında, təlim-tərbiyəsində yay düşərgələrinin – sovet illərində onlar “pioner düşərgəsi” adlanırdı - özünəməxsus yeri vardı. Bəzi milli filmlərimizdə düşərgə elementləri var (məsələn, “Bəxt üzüyü” filmində). “Pioner düşərgəsi”nin üstün cəhətləri o idi ki, ölkənin müxtəlif bölgələrindən gələn məktəblilər ayrı-ayrı yaş qruplarında cəmlənirdi. Düşərgənin xüsusi rejimi olurdu, səhər yataqdan qalxma vaxtı-yuyunmaq-idman- səhər yeməyi - əmək saatı –tədris-təlim məşğələləri-nahar-günorta yuxusu vaxtı- ekskursiya-hansısa oyunlar, gəzinti-şam yeməyi-axşam proqramı, musiqi, rəqslər, film nümayişi – ümumilikdə istirahət saatı və yatmaq saatı – bu rejimə dəqiqliyi ilə əməl etmək tələb olunurdu. Uşaqların 20-22 gün ərzində (düşərgənin I növbəsi) belə bir rejimə tabe olması istər-istəməz onlarda hansısa vərdişlərin formalaşmasına səbəb olurdu. Səbəb olmasa belə, uşaqlar bu müddət ərzində düzgün həyat tərzi keçirir, düzgün qidalanır, istirahət edirdilər. Bu, əlbəttə ki, onların fiziki inkişafına müsbət təsir edən amil idi. Müstəqilliyimizin bərpasının ilk illərində düşərgələr fəaliyyətini bir müddət davam etdirdi, amma təbii ki, artıq “pioner” düşərgələri olmadı. Sonralar müxtəlif rəsmi strukturlar, həmkarlar konfederasiyası tərəfindən də yay düşərgələri təşkil edilməyə başladı. Onlardan ən məşhuru Daxili İşlər Nazirliyinin təşkil etdiyi, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan yay düşərgəsi oldu. Səhv etmirəmsə, bu düşərgə ödənişli idi. Hazırda fəaliyyətə başlayan “Qaliblər düşərgəsi”nin üstün və fərqli cəhəti isə layihənin məhz Vətən müharibəsi şəhidlərinin övladlarını əhatə etməsi və təmənnasız olmasıdır. Düşərgənin məqsədi, vəzifəsi bəllidir. Düşərgənin hansı müsbət cəhətləri olacaq və yüniyetmələrə nə qazandıracaq? 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Şərq”ə açıqlamasında 1 ildən artıq müddətdə davam edən pandemiya şəraitində uşaqların fiziki-mənəvi tərbiyəsi istiqamətində boşluqlar yarandığını bildirdi: 

- Pandemiya şəraiti uşaqların qarşısına fiziki-psixoloji problemlər çıxarıb. Pandemiya səbəbindən əyani tədrisdən, məktəbdən kənar qalan, kütləvi tədbirlərdə iştirak etməyən uşaqlarda hərəkətsizlik, oturaq həyat tərzi, ünsiyyət yaratmaq problemləri yaranır. Uşaqların fiziki-mənəvi inkişafı nəzərə alınaraq 16-30 iyun tarixləri arasında yay məktəbi layihəsi icra olundu ki, uşaqların məktəblə əlaqəsi tamam qırılmasın. Amma yay düşərgəsi daha böyük, daha çox üstünlükləri olan layihədir. Yay düşərgələrinin kifayət qədər müsbət tərəfləri var. Uşaqlar ünsiyyət bacarığına yiyələnir, sosiallaşırlar, düzgün fiziki tərbiyə alır, düzgün qidalanır, tədris-təlim proqramlarında iştirak edirlər. Evdən kənarda özünü idarəetmə qabiliyyətinə yiyələnirlər. “Qaliblər düşərgəsi”ndə hansı proqramlar icra olunacaq, açıqlanıb. Hamısı da yeniyetmələrin inkişafına yönəlmiş tədbirlərdir. Bu cür düşərgələrin sayının artması vacibdir. Hazırda ölkəmizdəki yay düşərgələri ümumi şagirdlərin yalnız 0,75 faizini əhatə edə bilir. Heç 1 faiz də deyil. Beynəlxalq standartlara görə isə yay düşərgələri şagirdlərin ən azı 200-300 minini əhatə etməlidir. Arzu edək ki, yaxın zamanda yay düşərgələrinin sayı artsın və mümkünsə, ödənişsiz, heç olmasa, minimum məbləğdə ödənişli olsun.