Detallar aydınlaşır

Quru Qoşunlarının funksiyasında dəyişikliklər gözlənilir

“Azərbaycanda Quru Qoşunları komandanı vəzifəsi ilk dəfə yaradıldı və bu vəzifəyə general-mayor Ənvər Əfəndiyev təyin edildi”. Bunu siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib.

Ekspert bildirib ki, Prezident İlham Əliyev açıqlamalarında Azərbaycan Ordusunun Türkiyə modelinə keçəcəyini bəyan etmişdi. İndi düşünmək olar ki, Quru Qoşunlarının funksiyasında da dəyişikliklər olacaq:

“Detallı araşdırmaqla və müqayisəli təhlillərlə Quru Qoşunlarının perspektivdə necə olacağını demək olar. Ümumi şəkildə bildirək ki, Quru Qoşunlarının funksiyasında dəyişikliklər gözlənilir. Niyə bu fikri səsləndiririk? 

İyunun 21-də Müdafiə naziri Zakir Həsənov Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanla görüşüb.

İyunun 22-də isə Zakir Həsənov NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Diqqət çəkən məqam odur ki, NATO Quru Qoşunlarının Komandanlığının qərargahı İzmirdə yerləşir.

İndi məlum olur ki, bir ay öncə keçirilən bu iki görüş Azərbaycanda Quru Qoşunları komandanının təyinatı və bu qoşun növünün gələcək missiyası barədə detalların dəqiqləşdirilməsi baxımından önəm daşıyırdı”.