Xankəndidə su qıtlığı yaşanır

Çaylarda suyun səviyyəsi enib və böyük bir hissəsi quruyub

Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı səbəbindən fövqəladə vəziyyət tətbiq edilir. Demək olar ki, Xankəndinin 30 faiz əhalisi içməli su qıtlığı ilə üzləşib. Qeyd olunur ki, Xankəndi sakinləri suyu Meqraqet, Hraqet və Vararak çaylarından alır. Bildirilib ki, bu çaylarda da suyun səviyyəsi enib və böyük bir hissəsi quruyub.

Xankəndi şəhərində su qıtlığının olması barədə danışan MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, hazırda həmin ərazidə su probleminin olması və fövqəladə vəziyyətin davam etməsi Ermənistanın müəyyən təxribatları  ola bilər. Onun sözlərinə görə, erməni tərəfi dünyaya göstərməyə çalışır ki, guya, Azərbaycan ermənilərə ciddi şəkildə su problemi yaradır və bunu qəsdən edir:

"Digər məsələ ondan ibarətdir ki, Azərbaycan Vətən müharibəsindən sonra demək olar ki, su anbarlarını və su elektrik stansiyalarını öz nəzarətinə alıb. Amma bu o demək deyil ki, Azərbaycan Xankəndinə su vermir. Onu da qeyd edim ki, "Sərsəng" su anbarı ermənilərin öz nəzarətindədir və ondan istifadə edə bilərlər. Ancaq Ermənistan tərəfinin bu "narahatlığı"nın əsas səbəbi Azərbaycanı, guya, Ermənistanı su mühasirəsinə aldığı kimi xəbərləri geniş yaymağa çalışır. Həmçinin, bu tipli informasiyaları əleyhimizə formalaşdırmağa çalışırlar. Sadəcə, onlar süni surətdə bu ajiotajı yaradırlar ki, beynəlxalq gündəmə çıxarsınlar. Əlbəttə ki, bu, süni bir siyasətdir və Azərbaycana qarşı yönəlib. Ermənistan tərəfi bu məsələnin yalnız hava şəraiti ilə bağlı olduğunu çox yaxşı bilir".