İslamı olduğu kimi öyrənməliyik

Nə qədər ki, bunu edə bilməyəcəyik, yenə bozbaş mollalar başda olacaq

"Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatı olsa da, digər dövlət təşkilatları kimi o da dövlət büdcəsindən maliyyələşdirilə bilər"

“Vəhdət” Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi "Facebook" səhifəsində qeyd edib ki, əhalisi müsəlman sayılan ölkələrin heç biri din və şəriət ölkəsinə çevirilməkdən sığortalanmayıb. O qeyd edib ki, buna görə də birinci növbədə din siyasətdən uzaq tutulmalı və din tədris olunmamalıdır. O həmçinin qeyd edib ki, ali dini rəhbər stausu ləğv edilməlidir: "QMİ qeyri-hökumət təşkilatı olduğu üçün Ədliyyə Nazirliyində qeydiyyatına yenidən baxılmalıdır. Hesab edirəm ki, din fərdi məsələ olduğu üçün kütləvi mərasimlər qadağan olunmalı və din xadimlərinin dövlət tərəfindən maliyyələşməsi dayandırılmalıdır".

Mövcud Konstitusiyaya görə, Azərbaycanda dinin dövlətdən ayrı olduğunu vurğulayan siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatı olsa da, digər dövlət təşkilatları kimi o da dövlət büdcəsindən maliyyələşdirilə bilər:

"Çünki Azərbaycan dünyada həm multikultural, həm də dünyəvi bir dövlətdir. Ona görə də Azərbaycanda ali dini lider məsələsi gündəmdə deyil. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri isə Şeyxdir. Eyni zamanda dövlət dinlə münasibətləri tənzimləmək üçün dini komitə yaradıb. Həmin komitənin də əsas fəaliyyəti məhz dövlətlə din arasında münasibətləri tənzimləməkdir. Əslində Azərbaycanın ən böyük bəlası ondan ibarətdir ki, ölkəmizdə ilahiyyat keçirilmir. Baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində İslam Universiteti var və orada kadrlar hazırlayırlar. Yəni bu İlahiyyat İnstitutunun hazırlayacağı kadrlar təkcə ayrı-ayrı səfirliklərdə deyil, eyni zamanda ayrı-ayrı universitetlərdə, orta məktəblərdə ən azı islamın əsaslarını öyrətməlidir. Nə qədər ki, biz islam dinini olduğu kimi öyrənə bilməyəcəyik, biz də yenə də bozbaş mollalar başda olacaq. Din ancaq hüzr mərasimlərində gündəmə gələcək və yenə də Quranı ancaq ölülər üçün oxuyacağıq. Əslində Quran islamın konstitusiyası olsa da belə, onu bilmək hər bir müsəlman üçün vacibdir. Təbii ki, söhbət əsl Qurandan gedir".

Dini xurafat məsələsinə gəlincə, ekspert qeyd edib ki, Azərbaycanda bu sahədə müəyyən problemlər var:

"Hazırda cənub bölgəsində və Bakı kəndlərində bəzi şəxslər şiə təriqətinin yayılması ilə məşğuldular. Əslində nə süni, nə də şiə var. Bir dənə din var, o da peyğəmbərin dinidir, yəni islamdır. Bu kimi məzhəblərin olmağı, bilirsiniz ki, hətta birinci Pyotrun vəsiyyətinin 9-cu bəndində konkret olaraq göstərilib. Orada qeyd olunub ki, biz şiə-süni qarşıdurmasından istifadə edib islam dini olan dövlətləri çökdürməliyik. Çox təəssüf ki, 1723-cü ildən, yəni 300 ilə yaxındır Rusiya qəbul etdiyi bu siyasətdən yararlanır və həm Azərbaycana, həm də Türkiyəyə qarşı bundan istifadə edir. Eyni zamanda onların maşası da təbii ki, İranda fundametalist islamdır. Təbii ki, İran burada problem yarada bilər. Bu mənada mən də bəzi ekspertlərin fikirlərini dəstəkləyirəm. Amma Azərbaycanda islamın hakimiyyətə gəlməsi və islam dininin bir növ istifadə edilməsi bir qədər mümkün olan məsələ deyil. Çünki Azərbaycanda uzun müddət ateizm hökm sürüb və islamçılar bir şeyi unudurlar ki, ateistlərdə belə allaha sevgi olmayıb. Bizdə o boşluq yaranıb. Amma onu bu müddət ərzində islam fundamentalizmi tuta bilməyib. Çünki Azərbaycan dövləti buna imkan verməyib. Buna görə də ölkəmizdə bu istiqamətdə hər hansı çevriliş və silahlı qarşıdurma gözləmirəm. Amma Azərbaycan bunu yaşayıb. İranda təhsil alan və İranın xüsusi kəşfiyyat orqanlarına xidmət edənlər zaman-zaman olub. Təbii ki, bundan heç kəs sığortalanmayıb. Bu mənada bəli, Azərbaycanda dini fundamentalizmin, islamın bu şəkildə yayılmasının qarşısını almaq lazımdır. Hələ ki, bunu ölkəmizdə uğurla həyata keçirirlər".