Şahbaz Quliyev işsizlikdən gileyləndi:“Məmurlar qapıdan buraxmırlar ki...”

“Kənddəki evim dağılıb, baxan yoxdur. Çox pis şəraitdə yaşayıram. Mənə Sosial Müdafiə Nazirliyi 130 manat  təqaüd yazıb. Amma hansısa iş görə bilmirəm, qollarım işləmir, ayaqlarım, ciyərlərim pis  vəziyyətdədir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında keçmiş girov Şahbaz Quliyev söyləyib. O, maddi sıxıntılarının olduğunu xüsusi vurğulayıb:

“Məndən əmək kitabçası  istəyirlər. Hərbidən təqaüdə çıxa bilməmişəm, qazi adı da ala bilmədim. İş də tapmaq mümkün olmadı, getdim “moyka”da çalışdım. Bir tərəfdən ölürəm, digər tərəfdən də ailəm dağıldı.

Yardım üçün gəlirlər, şəkil çəkdirib qayıdırlar. Marketdən çörək almağa pulum yoxdursa, o ziyarəti nə edim?  Nə vaxta qədər bacım minbir əziyyətlə çalışıb mənə pendir-çörək göndərəcək? Prezidentimiz cənab İlham Əliyev sağ olsun ki, məni ailəmə qovuşdurdu, rəhmətlik anamla görüşdürdü.

Ona minnətdaram, ölənə qədər də borcluyam. Hər zaman  Ali Baş Komandanımıza sağlıq arzu edirəm. Səyəsində ikinci dəfə həyata qayıtdım. Lakin bəzi məmurlar məni qəbul etmirlər.

Sosial yardım üçün müraciət edirəm, itələyib geri qaytarırlar. Veteranlarla maraqlanan Elbrus müəllim var, onun yanına gedirəm, məni içəri buraxmır. Adımı çəkəndə deyir ki, nə olsun girov olmusan? Dərdimi kimə danışım?

Nə vaxta qədər bacımın evində qalacam? Öz evimi təmir etdirib, yaşamaq istəyirəm. Jurnalistlər müsahibə üçün  gəlmişdilər evdə stul yox idi. Yeddi aydır bu çətinlikləri dilə gətirmirəm. Heç olmasa sağlamlıq kağızı versinlər, haradasa fəhlə işləyib, ailəmi dolandırım. İki-üç ay, bir il  yaşayacağamsa, adam kimi yaşayım.

Vaxtında mənim də var-dövlətim olub. Əsirlikdə olarkən ailəm satıb, dolanıblar, qızımı böyüdüb, oxudub. İndi məmurlar qapıdan içəri buraxmırlar ki, sözümü deyim, məni eşitsinlər. İcraya gedirəm, söyləyir ki, get, Kəlbəcərdən, nazirliklərdən torpaq istə”.

Ş.Quliyev onu da  deyib ki, səhhəti ilə bağlı ciddi problemlər yaşayır:

“Bura gələndən yatmıram, həkimlərimiz sağ olsunlar, müalicə edirlər. Yenə də düzəlməmişəm. Camaat kimi rahat yemək yeyə bilmirəm, çox pis durumdayam.. Nə zamana qədər evdə topal uzanacam? Müalicə olunan adam faydalı qida qəbul etməli deyilmi? Bir nəfər qapımı açmır. Evdə televiziya, radio da yoxdur. Evimə  nəinki 1 manat, 10 qəpik də gəlmir. Xəstəxanaya getməyə yol pulum olmur”.