Cinayət cəzasız qalmır! – Korrupsionerlərə qarşı həbs dalğası genişlənir

Rauf Zeyni:“Vəzifə səlahiyyətlərini aşan, rüşvətxorluq hallarına yol verən məmurlar cəzalarını çəkirlər, çəkəcəklər də”


Son illər Azərbaycanda bütün sahələrdə ciddi islahatlar həyata keçirilir. Bu reformlar fonunda adekvat təmizləmələr və yeni kadr təyinatları gerçəkləşdirilir. Məmur özbaşınalığına qarşı ciddi tədbirlər görülür, həbs dalğası reallaşdırılır. 

Demək olar ki, korrupsiya və rüşvətə “bulaşmış” dövlət funksionerləri ya vəzifələrindən azad edilirlər, ya həbs cəzası alırlar. Məsələn, öz qulluq mövqeyindən istifadə edərək vətəndaşdan 21 min manat məbləğində pul vəsaitini alan Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramov saxlanılıb. O, Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək dələduzluq etməkdə ittiham olunur. M. Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bu da ölkəmizdə məmur özbaşınalığına qarşı mübarizənin bariz nümunəsidir. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Milli QHT Forumunun sədri Rauf Zeyni bildirib ki, bütün istiqamətlərdə islahatlar aparılır və bu islahatları biz vətəndaş cəmiyyəti olaraq dəstəkləyirik:

 “İnanırıq ki, aparılan islahatlar öz müsbət nəticələrini verir və verəcək. Təbii ki, Azərbaycan korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı və digər demokratik əngəllərdən xeyli azad olacaq.  Biz müasir Azərbaycanda 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qəhrəmanlığı ilə işğal altında olan torpaqlarımız azad olundu. Biz indi bu zəfərə layiq həyat qurmalıyıq. Hər hansı məmur qazinin hüquqlarını tapdalamamalıdır. Şəhidlərimiz qeyri -uyğun yerdə dəfn edilməməlidir. Bunların hamısının qayda-qanunu, rəhbərliyi, sistemi, idarəetməsi var. Bütün mənalarda idarəetmə təkmilləşməli, nöqsanlar aradan qaldırılmalı, ən müasir kadrlara yol açılmalı, imkanlar yaradılmalıdır. Müasir kadrlar da idarəetməni yaxşı öyrənməli, düzgün tətbiq etməlidir. Bu, o demək deyil ki, insan yaxşı dil bilirsə, deməli, o, yaxşı kadrdır. Bu, yanlış düşüncədir. İnsan xarici dil bilə bilər, amma bu, onun hələ potesiallı kadr olması anlamına gəlmir. Yəni gənc kadrın da vəzifəsinin icrasında yanlışa yol verməsi mümkündür. Ona görə də düşünürəm ki, bizim xaricdə təhsil alan savadlı, intellektual gənclərimiz var. Bir neçəsi ilə tanışam və onlarla qürur duyuruq, böyük ümidlərimiz var.  İnanırıq ki, həmin gənclər qısa müddət ərzində öz intellektləri ilə idarəetməni çox irəli aparacaqlar”.

R.Zeyni onu da əlavə edib ki, öz işinin öhdəsindən gəlməyən, vəzifə səlahiyyətlərini aşan, özbaşınalıq edən və digər korrupsiya, rüşvətxorluq hallarına yol verən məmurlar qanun çərçivəsində cəzalarını çəkirlər, çəkəcəklər də:

“Bütün müsahibələrimizdə demişik ki, onlar neqativ halları yığışdırsınlar. 
Cənab Prezident dəfələrlə xəbərdarlıq edib ki, xalqa, əhaliyə təmannasız xidmət etmək məmurun borcudur. Onlar buna görə əmək haqqı alır. Təəssüflər olsun ki, bir çox məmur bunu eşitmir, eşitmək də istəmir və öz bildikləri kimi hərəkət edir. Ona görə mən də fürsətdən istifadə edib, demək istəyirəm ki, ictimaiyyəti qıcıqlandıran da, əhalini narazı edən də məmur özbaşınalığı, hansısa himayədarlıqlardan istifadə edib, qanunsuzluqlara yol verilməsidir. Bu kimi hallar baş verməsin deyə düşünürəm ki, kadr siyasətində daha güclü islahatlar davam etməlidir. Təcrübəli, savadlı, milli ruhda böyümüş vətənpərvər və peşəkar kadrlara yol açılmalıdır”.


Sücayət Mehti