Yeni yaşıl enerji istehsalı güclərini istifadəyə verməklə Azərbaycanda 2030-cu ildə elektrik enerjisinin istehsalına yönəldilən 1,2 mlrd. kubmetr təbii qaza qənaət etmək mümkün olacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə 12-ci Beynəlxalq “Caspian Energy Forum”unda çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov deyib.
Onun sözlərinə görə, yaşıl enerji istehsalının artması nəticəsində 2027-ci ildə 800 mln. kubmetr qaza qənaət ediləcək.
"Qənaət olunan qaz həcmləri müvafiq olaraq ixraca yönəldiləcək", - nazir müavini qeyd edib.
O, əlavə edib ki, Azərbaycan 2030-cu il üçün alternativ və bərpa olunan enerji mənbələrinin elektrik enerjisini istehsal edən qoyuluş gücünü 30%-ə çatdırmağı hədəf kimi qoyub, lakin bu sahədə aparılan işlər çərçivəsində bu göstərici daha yüksək olacaq.
Belə ki, 2027-ci il üçün qeyd olunan göstəricinin 32,5%-ə, 2030-cu il üçün isə 35%-ə çatacağı gözlənilir.