Peskov NATO rəhbərliyinin Putinin bəyanatlarını nəzərə almaq istəməməsini təhlükəli addım adlandırıb

NATO rəhbərliyinin Rusiya Federasiyasına Qərb silahları ilə mümkün hücumların nəticələri ilə bağlı Prezident Vladimir Putinin bəyanatlarını nəzərə almaq istəməməsi təhlükəli və qeyri-peşəkar addımdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə Rusiya ərazisini Qərb silahları ilə vurmağa icazə verəcəyi təqdirdə təşkilatın Ukraynadakı münaqişənin bir hissəsinə çevrilməyəcəyi ilə bağlı bəyanatlarını belə şərh edib:

“Rusiya Prezidentinin bəyanatlarını ciddi qəbul etməmək üçün belə bir istək tamamilə qeyri-uzaqgörənlik, qeyri-peşəkar addımdır. Aydındır ki, qısa müddətdən sonra Stoltenberq artıq deyilən sözlərə görə məsuliyyət daşımayacaq, lakin bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir”.